
Azərbaycanı diplomat kimi müxtəlif ölkələrdə təmsil etmiş Emin Şaiq İbrahimov Tofiq Yaqublunun şərləndiyilə bağlı öz profilində status paylaşıb. Statusu diqqətinizə çatdırırıq:
Mənə tez-tez deyilir ki, bəs, dövlətə qulluq etmək hökumətə qulluq deyil. Diplomat kimi qalıb işləyə bilərdin və s. Elə Tofiq Yaqublunun şərlənərək həbs olunduği indiki məqamda, qoy, daha konkret misal gətirim. Adətən bu məsələlərdən ümumi bəhs etmişəm, diqqət mərkəzində saxlamamışam. Amma repressiya gücləndikcə, konkretləşməyə məcburam.
Təsəvvür edin ki, diplomatsız, xaricdə ölkəni təmsil edirsiz. Ölkədə də bugünkü kimi açıq-açkar siyasi həbslər davam edir. Sizdən bu həbslər barədə soruşurlar. Siz diplomat olaraq bu cinayətləri malalamalısız. Özünüz imtiyazlı həyat yaşayasız deyə, tutulanların uşaqlarının, yaxınlarının gözü yaşlı qalmasında necəsə rol oynamalısız. Buna görə gələ biləcək xarici təzyiqi azaltmağa çalışmalısız. Məsələn, xalqın marağı tələb edir ki, bu siyasi həbsləri həyata keçirənlərə sanksiya olsun. Rejimin marağı isə bunu istisna edir. Sanksiya bunların ən zəif yerlərindən biridir. Diplomat hansı tərəfdə olmalıdır? Bu, nağıl deyil. Konkret həyat situasiyalarıdır.
Ümumi sözlərlə danışmaq asandır. Amma konkret belə bir vəziyyətdə bu dilemmanı necə həll edərdiz? Belə başqa məsələlərə dair də çox dilemmalar olur. Yeri düşdükcə, toxunacam. İnandırım ki, həmişə söhbəti fırlada bilməzsiz. Tez-tez konkret tərəf tutmalısız. Üstəlik, yüksəlmək üçün daha tez-tez və daha aydın tərəf tutmalısız. İnsanı belə kəskin mənəvi dilemmalar qarşısında qoyan bir sistemə necə haqq qazandırmaq olar? Yəni məsələ hansısa siyasi fikir ayrılığı deyil. Heç kim siyasi fərqliliyə görə işdən çıxmır. Əgər bir sistem sizin azadlığınıza, təməl prinsiplərinizə və insanlığınıza təhdiddirsə, ona qarşı dirənmək istər-istəməz bir həyat missiyasına çevrilir.