
Arif Əliyevin 60 yaşına:
Bu gün Azərbaycan mətbuatında vicdan anlayışından, peşə namusundan, şəxsiyyət obrazından bir çıraq işartısı qədər işıq qalırsa, bu Arif Əliyev kimi çox az örnək ola biləcək adamlarının həyat hekayəsi ilə bağlıdır. Ölkə mətbuatının arzularını və kədərini öz taleyində birləşdirən Arif bəyin 60 yaşı tamam olur. Buna müdriklik yaşı da deyirlər. Amma Arif Əliyev yaşından xeyli əvvəl müdrikləşmiş bir fikir adamı, bir vətəndaşdır, qələmə, sözə nüfuz gətirən, ona ictimai məzmun verən bir ziyalıdır.
60 bir mərhələdir. Bu yaşda hər kəsin öz keçmişinə qayıtmaq, zaman pəncərəsindən öz həyat yolunu seyr etmək kimi bir istəkləri olur. İş elə gətirib ki, bu gün Azərbaycan cəmiyyətində ziyalı deyilən kəsimdən çoxları gələcəklərin itirməklə yanaşı, keçmişlərinə də həsəd hissini itiriblər. Bu cəhətdən Arif Əliyevin bəxti gətirib və o, öz keçmişiylə həmsöhbət olmaq, müsahibə aparmaq, öz keçmişində gələcəyinin izlərini axtarmaq, gələcəyini yaşatmaq kimi bir həyat hekayəsi yarada bilib. Bəzilərinə adi gələn bu həyat hekayəsini hələ çoxları oxuyacaqdır. Və qəribəsi odur ki, o keçmişdə köhnə bir şey yoxdur, nə varsa yenidir. Nəcəf bəylə çiyindaş olmaq xoşbəxtliyi, xalqın səsi ilə seçilmiş prezidentin mətbuat katibi olmaq, “Yeni Nəsil” Jurnalistlər Birliyini yaratmaq, Bakı Mətbuat Klubunu açmaq, “Media Açarı”nı medianın açarına çevirmək və “Gün”dən günümüzün Presklubuna qədər hər şey təp-təzədir, yenidir, tək tarix deyil, həm də sabaha işıq tutan günümüzün həqiqətləridir, 30 illik mənəviyyat tariximizin yaddaqalan bir zərrəsidir.
İki il bundan öncə Arif bəy Rövşən Almuradlı ilə birlikdə “Əsgərlər unudulanda ölürlər” adlı milli yaddaşımızı təzələyən bir film çəkmişdilər. Bu film 1920-ci ilin aprelində Azərbaycanın müstəqilliyi uğrunda qeyri-bərabər döyüşdə həyatlarını qurban verən adsız qəhrəmanlara əbədi bir abidə idi, narahat zəmanəmizdə gələcəyə hədəflənən seçim məqamı idi. Filmdə Arif bəyin payı yalnız ssenari yazmaq deyildi, həm də XX əsrin əvvələrində millət yolçularımızın yolunu davam etdirmək, onların böyük adlarına və tarix əməllərinə işıq tutmaq, bu işığı günümüzə çatdırmaq idi. Əslində, öz şəxsiyyətinə, gördüyü işlərin faydalılıq əmsalına, milli yaddaşdakı varislik bağlarına görə Arif bəy son müstəbidliyin payız dumanında öləziyən həmin işığın az sezilən işartılarından birdir.
Bir qayda olaraq mənəvi cəhətdən zəngin olanlar natamam cəmiyyətlərdə, nadanlıq mühitində, gündəlik xəbəri belə yaltaqlıq “manşetinə” çevirən qələm cəngində hər turlu sıxıntılar içərisində yaşayırlar. Zərdabinin dövründə də belə idi, indi də belədir. Həsən bəy ağzını açanda üzünə vurudular ki, sən dinmə, sən danşma, sus, öz kasıbkarlığını elə, bizim dediklərimizi yaz. Zaman dəyişsə də, tələblər dəyişməyib, iddialar dəyişməyib, təkəbbürlər həmin təkəbbürlərdir. Zərdabidən Arif Əliyevə qədər qəribə yol keçib Azərbaycan mətbuatı. Mətbuatın sözünün dadı, duzu, kəsəri, onun ictimai qayəsindən asılıdır. Nə qədər boyat olsa da, nə qədər dadsız olsa da, bütün hallarda çağdaş Azərbaycanın bugünkü mətbuat şorbasından gələcək nəsillərin ağzını dada gətirəcək Arif Əliyev duzu qalacaq.