
Milli Şuranın və Müsavat Partiyasının fəalı Tofiq Yaqublu sentyabrın 2-dən aclıq aksiyasına başlayıb. Bu barədə onun özü məhkəməsində məlumat verib.
Sentyabrın 2-də Nizami Rayon Məhkəməsində T.Yaqublunun işi üzrə keçirilən məhkəmə iclasında T.Yaqublu son sözünü deyib. Hakim Nəriman Mehdiyevə üzünü tutaraq son sözünə belə başlayıb: “İstəyirsən, heç mən çıxış eləməyim, Prezident Administrasiyasından gələn sifarişi birbaşa elan elə…”.
Həbs olunduğu gün nə yol qəzası, nə də dava-dalaş baş verdiyini deyən T.Yaqublunun sözlərinə görə, park olunmuş vəziyyətdə maşında oturduğu halda, Elxan Cəbrayılov öz avtomobilini gətirib onun maşınına çırpıb. Ardınca da E.Cəbrayılov və Cəvahir Cəbrayılova ona hücum edib. Bundan sonda təxribat olduğunu anlayıb və maşından düşməyib, polisə zəng edib. Həmin vaxt C.Cəbrayılova maşının qapısını, şüşələri döyəcləyib, ondan aşağı düşməyi tələb edib.
“Baş verməyən bir şey haqqında necə danışım? Necə olur, Cəbrayılovların dediyi sübut olur, bizim dediyimiz yox? Elxan Cəbrayılov yarım saat döyülsəydi, o, sağ qalardımı? Əgər mən o cinayəti törətmişdimsə, başımın da üstündə kamera ola-ola niyə polisə zəng edirdim? Niyə kamera görüntülərinə baxış keçirilməsini tələb edirəm? Gör İlham Əliyev nə günə qalıb ki, mənim üzümə cəmiyyətin tullantılarını qoymaqla şərləyir”, – T.Yaqublu belə deyib.
Siyasi fəal son sözünü bitirərkən aclıq aksiyasına başladığını bildirib: “Qələbəyə qədər də gedəcəm. Bu ölkədə demokratiya, hüquqi dövlət ənənələri bərqərar olmalıdır”.
T.Yaqublunun son sözündən sonra hakim hökm çıxarmaq üçün müşavirəyə gedib. Hökm sentyabrın 3-də elan olunacaq.
Həmin vaxt məhkəmə binasının yaxınlığında isə bir qrup qadın “Tofiq Yaqubluya azadlıq” şüarı ilə aksiya keçirib.
Prokuror T.Yaqubluya 4 il 6 ay həbs cəzası istəyib.
Azadlıq radiosu