
Milli Şuranın sədri Cəmil Həsənli
Bugün tanınmış hüquq müdafiəçisi, işgəncələrə qarşı mübarizə mərkəzinin rəhbəri, keçmiş siyasi məhbus, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyevin məlum avtobol qəzasına düşməsindən bir il 3 ay vaxt keçir. Bu müddətin böyük bir hissəsin Oqtay bəy komada keçirib. Ötən müddət ərzində müayinə, müalicə və cərrahiyə əməliyatları ciddi bir nəticə vermədi. Şübhəli şəkildə törədilən bu qəza nəticəsində faktiki olaraq Oqtay Gülalıyev fiziki cəhətdən şikəst edilib.
Əvvələ Oqtay bəyə qarşı 2019-cu ilin oktyabr ayının 29-da törədilən bu qəza gözlənilməz deyildi. Qəzadan əvvəl o, xüsusi ilə Gəncə və Tərtər işlərinə, hakimiyyət orqanlarının işgəncə əməllərini ifşa etdiyinə görə DİN, Baş prokurorluğa, çağrılmış, Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri onunla görüşmüş, güc strukturları tərəfəndən hədə, təhdid və şantajlara məruz qalmışdı. Çox təəssüf ki, bu hədə, təhdid və şantajın izləri Oqtay bəyə qarşı törədilmiş qəzanın nəticələrinin ört-basdır edilməsində, zəruri olan təcili tibbi yardımın göstərilməməsində, bu işdə günahkar olanların məsuliyyətdən yayındırılmasında açıq-aşkar duyulmaqdadır.
Qəzadan sonra Oqtay bəyin 3 saata yaxın huşu özündə olub, danışıb, telefonla zəng edib və sair. Lakin ağır kəllə-beyin travması almış adama bu müddət ərzində 1 nömrəli Dövlət Klinik tibbi Mərkəzində təcili olaraq yardım göstərilməyib, müdaxilə edilməyib, bilərəkdən səhlənkarlıq edilib. Eyni mənzərə Sity Hospitalda da müşahidə edilib. Oqtay bəyin müayinə sənədləri Dövlət Klinik tibbi Mərkəzində yubadılaraq yalnız bir gün sonra City Hospitala verilib. Bu yubanma nə ilə bağlıdır və istintaq bu məsələyə aydınlıq gətirmək əvəzinə ötən ilin dekabrında həkimlərə qarşı qaldırılmış istintaq işinə xitam verib. Eyni zamada bununla bağlı nə Oqtay bəyin ailəsinə, nə də vəkilə məlumat verilməyib. Deməli prokurorluq orqanları açıq-aşkar burada maraqlı tərəf kimi hərəkət edib.
Digər tərəfdən Azərbaycanda çoxlarına məlumdur ki, keçmiş təcili yardım xəstəxanası və onun yerində yaradılmış yeni tibbi müəssisə Səhiyyə nazirliyindən daha çox DİN və digər hüquq mühafizə orqanlarına tabedir. Məsələn, prokurorluq niyə bunu araşdırmayıb ki, qəzadan əvvəl Oqtay bəyi təhdid edən güc strukturlarının yüksək vəzifəli şəxslərindən kimsə qeyd edilən xəstəxanalara ona həmin an zərur olan yardımı göstərməmək barədə təsiri, göstərişi telefon zəngi olubmu? Axı həmin anda Oqay bəyə təcili tibbi yardım göstərməmək onun ölümünə fərman vermək idi. Çox təəssüf ki, xəstəxanalara belə bir müdaxilə olub və prokurorluq da bu müdaxilə faktını araşdırmaqda maraqlı olmayıb. Nəticədə hüquq müdafiəçisinə qarşı dövləti cinayət hadisəsi həyata keçirilib.
Qəza hadisəsi baş verən andan DİN onu ört-basdır etməyə cəhd göstərib, qəzanı törətmiş sürücünü məsuliyyətdən yayındırmaq üçün müxtəlif üsullara əl atıb və son nəticədə 4 gün əvvəl belə ağır qəza törətmiş sürücü Kənan Abdullayev 2 il 3 ay azadlıqdan, 3 il də sürücülük hüququndan məhrum edilib. Hadisə baş verəndə DİN artıq 1 il 3 aydır komada və şikəst vəzəiyyətdə olan adama yetirilmiş xəsarəti az ağır xəsarət kimi tövsif etmiş və Oqtay bəy bu müddət ərzində bu az ağır xəsarətdən bərpa oluna bilməmişdir. İstintaq prosesində ən maraqlı məqam o idi ki, İstanbulda koma vəziyyətində xəstəxanada yatan Oqtay Gülalıyev istintaqa dəvət edilir və araşdırmanın yubanması bununla izah edilirdi. Sual olunur: istintaq orqanları və onların təmsil etdiyi qurumlar Oqtay bəyin hansı vəziyyətdə olduğunu bilmirdilərmi? Bunun adı nədir?
Oqtay bəy açıq-aşkar Əliyev rejimi üçün başağrısına çevrilmişdi. O, Nardaran işinin, dindar vətəndaşlara qarşı həyata keçirilən ssenariləşdirilmiş əməliyyatın ifşasında, Gəncə və Tərtər işində insan talelərinin məhv edilməsinə qarşı mübarizədə fədakarlıq göstərirdi, öz hesabatlarında rejimin işgəncə labaratoriyasından mahiyyətini ortaya qoymuşdu. Heç bir hədə, təhdid, şantaj onu öz yolundan döndərə bilməmişdi. Artıq bir il üç aydır ki, Oqtay Gülalıyev artıq hakimiyyət üçün baş ağrısı deyil, indi o, öz canı ilə əlləşir. O, bu yolla, belə natəmiz üsullarla “zərərsizləşdirildi”. Yeri gəlmişkən az əvvəl Milli Şuranın Koordinasiya Mərkəzinin digər üzvü Gözəl Bayramlıdan da hökümət canını buna bənzər üsullarla “xilas” etdi.