
Milli Şuranın sədri Cəmil Həsənli
Az əvvəl hörmətli Yadigar Sadıqlı bəy maraqlı bir məlumat paylaşıb. Orada ssenarist və rejissor Musa Bağırov deyir ki, “Həzi Aslanovun ikinci Qızıl ulduzunu və Lenin ordenini gətirib verdim Elçibəyə. Dedi ki, bunun bizə dəxli yoxdur, ruslar üçün vuruşub”. Diqqətimi çəkdi bu məlumat.
Doğrusu, “ağsaqqal” bir az yalan danışır. Həzi Aslanov ikinci qızıl ulduzu alanda onun oğlu Arif Aslanov 1991-ci ildən avtomobil nəqlyyatı naziri vəzifəsində işləyirdi və o dövrün dili ilə desək çox az “partokrat” nazirlərdən idi ki, AXC hakimiyyəti dövründə məhz Əbülfəz bəyin təşəbbüsü ilə öz vəzifəasini davam etdirdi. O, yüksək vəzifədə ola-ola atasının ikinci qızıl ulduzunu niyə Musa müəllim gətirməli idi Əbülfəz bəyin yanına. İkincisi, AXC hakimiyyəti dövründə 1941-1945-ci il müharibəsinin iştirakçılarının geniş sosial təminatları var idi. İcimai nəqliyyat ödənişindən tam azad edilmişdilər, işıq, qaz, su və digər komunal xərclərin yarısını ödəyirdilər, bir sıra vergi ödənişlərindən azad edilmişdilər və bundan susi istifadə edənlər də vardı. Məsələn, bir sıra işbazlar vergi ödəməmək üçün yeni şirkət və müəssisələrini vətən müharibəsi iştirakçılarının adına açırdılar. Bu belə. Heydər Əliyev gələndən bir müddət sonra əhalinin müxtəlif təbəqələrinə (məsələn müəllimlərə) Cəbhə hakimiyyəti dövründə verilmiş sosial imtiyazları, güzəştləri, o cümlədən müharibə iştirakçılarının da – ləğv etdi. AXC hakimiyyəti cəmi bir dəfə 9 Maya təsadüf etdi. Onda da millət may ayının 8-də Şuşanın işğalının birinci ildönümünün ağrı-acısını yaşayırdı. O ki, qaldı Musa müəllimin yaradıcılığına əlbəttə, o, bir sıra qısa metrajlı sənədli filmlərin ya ssenari müəllifi, ya da rejissoru və ya hər ikisidir. Məsələn “Yoldaş Alyoşa”, yəni Çapridze, “Qurultaydan qurultaya”, “Azərbaycan milisinin tarixi”, eyni mövzuda “Altımış il keşikdə”, SSRİ-nin yaranmasının 60 illiyinə həsr edilmiş “Vahid ailədə”, “Beşilliyin addımları” və Sovet Azərbaycanının mədəniyyət, ədəbiyyat və əmək adamlarından bəhs edən digər sənədli filmləri var. O dövrdə təlabat belə idi. Buna görə onu qınamaq olmaz. Amma belə partiyalı, milisli, sərhəd keşikçisi, beşillikli vahid ideoloji ailənin ekran taleyini yaradan bir “sənət adamının” Elçibəy haqqında yalan danışması yaxşı hal deyil.