
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Azərbaycan əsgəri, Azərbaycan Ordusu tarixin taleyimizə yazdığı ən ağır və məsuliyyətli sınaqlardan birindən üzü ağ çıxdı, millətlər içində başımızı uca etdi, köksümüzü Qələbə qüruru, Şuşa sevinci ilə qabartdı.
Bizi bir millət olaraq əziz canı, qanı, həyatı, sağlamlığı, ailəsinin yaşadığı iztirablar hesabına aşağılıq kompleksindən qurtaran bu ölkənin ən şərəfli və ən imtiyazlı təbəqəsinin borcundan bir ömür boyu çıxa bilməyəcəyimizi bilirik.
Amma heç olmasa şəhid ailələrinin, qazilərimizin, müharibə veteranlarının sosial problemlərini həll etmək, onları ağır həyatın maddi yükündən azad etmək boynumuzun borcudur.
Milli Şuranın, bütövlükdə Azərbaycan cəmiyyətinin ictimai qınağından sonra şəhid ailələri üçün nəzərdə tutulan aylıq müavinət artırılaraq 500 manat, I, II, III qrup müharibə əlillərinə ödənən vəsait isə müvafiq surətdə 400, 350 və 300 manat səviyyəsində təsbit edildi.
Öncəki dövrlə müqayisədə müəyyən artım olsa da, bu məbləğ də çox azdır və şəhid ailələrinin və qazilərimizin ehtiyacını minimum səviyyədə belə qarşılamır.
Müharibə iştirakçılarına, Qarabağ savaşında fədakarlıq, bəziləri isə əsl qəhrəmanlıq göstərib yalnız təsadüf nəticəsində sağ qalmış, lakin müharibənin ağır psixoloji travmasını bir ömür boyu daşıyacaq insanlara 80 manat aylıq müavinətin müəyyən edilməsi isə, ümumiyyətlə, ədalətsizlikdir. Bizə Qələbə sevincini yaşadan, Qarabağətrafı rayonları, Şuşanı, Hadrutu qaytaran igidlərimiz bu biganəliyə layiq deyillər.
Şəhid ailələrinə və qazilərimizə ayrılan aylıq müavinətlərin məbləği az da olsa artsa da, onlara ödənilən sosial sığortanın həcmi 1997-ci ildən dəyişməz olaraq qalır.
1997-ci ildən sonra ölkəyə yüz milyardlarla neft sərvətləri daxil oldu, Azərbaycan məmurları dünyanın ən zəngin korrupsionerlərinə çevrildilər, Azərbaycan xalqının halal haqqını avropalı siyasətçilərə yedirtdilər, Serbiyadakı Müqəddəs Petka məbədinə, Rusiyanın müflis olmuş Antipinsk neftayırma zavoduna milyardlarla vəsait xərclədilər, ancaq Azərbaycan uğrunda canını fəda edən insanların haqqını vermək yada düşmədi.
Şəhid ailələrinin 1997-ci ildən sonra cüzi səviyyədə belə artmayan sığorta vəsaitini, el arasında “qan pulu” deyilən 11 min manatı hansı zülmlər, hansı məşəqqətlər hesabına aldığına bütün xalqımız şahiddir. Şəhid analarının illərlə dövlət idarələri arasında süründürüldüyünü də unutmamışıq.
Lakin indi durum dəyişib. Dövlətimiz 1997-ci illə müqayisəyəgəlməz dərəcədə zəngindir. 2015-ci il devalvasiyalarından sonra Azərbaycan manatı 2,5 dəfə dəyər itirib, faktiki olaraq 1997-ci ilin 11 min manatı, indinin 30 min manatına yaxın bir vəsaitdir.
Mən hələ heç bir təbii resursu və iqtisadi rezervləri olmayan işğalçı Ermənistanın ödədiyi müvafiq vəsaitlərin Azərbaycan dövlətinin müəyyənləşdirdiyi sosial sığorta haqlarından bir neçə dəfə artıq olması kimi utancvetici bir gerçəkdən bəhs etmək istəmirəm.
Bu gün şəhid ailələrinə, I, II və III qrup əlillərinə ödənən və 24 öncə fərqli iqtisadi şərtlər daxilində müəyyənləşdirilmiş 11 000 manat, 8 800 manat, 6 600 manat və 4 400 manat birdəfəlik sığorta haqlarının eyni səviyyədə qalması yolverilməzdir, utancvericidir, dözülməzdir.
11 min manat əkdəriyyəti səfalət içində yaşayan şəhid ailələrinin, 8 800 manat isə əmək və fəaliyyət qabiliyyətini itirmiş, özü yardıma və ciddi müalicəyə möhtac olan qazilətimizin problemlərini qarşılayacaq vəsait deyil.
Azərbaycan hakimiyyəti ölkəmizə, millətimizə Qələbə sevinci yaşatmaq üçün canını, sağlamlığını, əmək qabiliyyətini itirmiş bu qəhrəmanların haqqını verməlidir.
Şəhid ailələrinə, Qarabağ savaşı əlillərinə və iştirakçılarına ödənilən aylıq və birdəfəlik müavinətlər azı 3 dəfə artırılaraq onların minimum ehtiyaclarını qarşılayacaq, özlərinin və ailələrinin ləyaqətli həyatını təmin edə biləcək səviyyəyə çatdırılmalıdır.
Əminəm ki, bu bütün Azərbaycan xalqının tələbidir.