
Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Prezident İ.Əliyev Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı ilə bağlı həmkarını təbrik edib:
“Dövlət başçıları bu Mərkəzin fəaliyyətə başlamasının bölgədə uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunması işinə xidmət edəcəyinə əminliklərini bildiriblər.Telefon söhbəti zamanı noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının icra olunduğu məmnunluqla qeyd edilib.”
Məlumata görə, söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyi vurğulanıb:
“Dövlət başçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərində Türkiyə şirkətlərinin fəal iştirakından məmnunluqlarını bildiriblər”
****
“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində yer alacaq türkiyəli heyət artıq Azərbaycandadır”.
Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı “ Turan” İnformasiya Agentliyinə deyib.
O bildirib ki, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin birgə bəyanatına əsasən yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gündən ( yanvarın 30-dan) etibarən fəaliyyətə başlayır.
“Onu da qeyd edim ki, Birgə Monitorinq Mərkəzində təmsil olunacaq rusiyalı hərbçilər isə artıq ölkəmizdədir”, – deyə V.Dərgahlı bildirib.
***
Yanvarın 29-da Azərbaycan Müdafiə naziri Zakir Həsənov ilə Türkiyə Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Müdafiə nazirləri Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar məsələləri müzakirə ediblər.
Bu Mərkəzin bu gün, yanvarın 30-da Dağlıq Qarabağa bitşik Ağdam rayonunda fəaliyyətə başlayacağı gözlənir.
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Sözü gedən Mərkəz bölgədə atəşkəsin qorunmasının monitorinqini aparmalıdır.
Azadlıq radiosu