
Bəxtiyar Hacıyev
Bu gün biznesmen, “İDEAL” mağazalar şəbəkəsinin sahibi İlqar İsmayılov həbs edilib. Biznesmen bir müddətdir ki, ona qarşı olan təzyiqlərdən, ona məxsus şirkətin saxtakarlıqla ələ keçirilməsindən yazırdı.
Deməli, PremiumBank (əvvəlki SWBank) rəhbərliyi şirkətin 50%-ni onlara satmağı təklif edib, daha sonra İ.İsmayılovun digər 25%-ni də əlindən alıblar, sonra gözləri doymayıb, yerdə qalan 25%-i də əlindən almaq üçün onun ölkədən çıxmasına qadağa qoyublar, saxta kredit müqaviləsi hazırlatdırıblar (imzaların ona məxsus olmadığı ilə bağlı iş adamı beynəlxalq ekspertlərdən rəy almışdı), sonra tutub Kürdəxanıya salıblar, orada ailəsi ilə təhdid etdikdən sonra iş adamı son 25%-i də satmağa razılaşıb.
Amma İ.İsmayılova 57 milyon manatlıq şirkətdən cəmi 800 min manat veriblər. Biznesmen dövlət qurumlarına ədalətsizliklərlə bağlı şikayət edirdi, bu gün isə onun özünü tutdular.
Bu ölkədə təkcə siyasi fəallar, partiya üzvləri, jurnalistlər şərlənərək həbs edilmirlər, təkcə onların həyatlarını burunlarından gətirmirlər. On milyonlarla dəyəri olan şirkət quran iş adamlarını da hakimiyyətin əlində olan resurslardan istifadə edərək, dələduzluq edərək, təzyiqlərlə şərləyirlər, həbs edirlər, şirkətlərini çökdürürlər, əmlaklarını əllərindən alırlar.
90-cı illərin əvvəllərində şirkətlərinə ortaq olmaq istəyən Zakir Qaralovun şərləyərək ömürlük həbsə atdırdığı və Administrasiyadakı şöbə müdiri vasitəsilə əfv edilməsinə sədd çəkdirdiyi Şəmsi Səmədzadəni xatırlayın, Zülfüqarlı qardaşlarını xatırlayın, Hüseyin Arabulu xatırlayın, Baku Steel Company rəhbərliyinin armatur biznesində olan işadamlarını sıxışdırmaqlarını və əllərində olanları zorla qəsb etməklərini xatırlayın. Ən yaxın keçmişdə SOCAR rəhbərliyinin Türkiyədəki uğurlu işadamı Mübariz Mənsimova etdiklərini xatırlayın. İndi də İlqar İsmayılov.
PremiumBank (əvvəlki SWBank) isə kimə məxsusdur, hamı bilir. Gözləri heç vaxt doymayacaq bu adamların uğur hekayələri beləcə yazılır. Bəlkə də indiki İDEAL rəhbərliyində, yaxud PremiumBankda çalışan kimsə yaxın çevrəsi tərəfindən uğurlu idarəçi kimi görünür, sabah hansısa əhəmiyyətli dövlət postuna təyin olunanda Ayka və Zulyalar “Çimur mallımı tanıyıram, çoh bajarıhlı insandır, ughurlar, Çima” yazacaq.
Həqiqət isə odur ki, ölkədəki məmur bizneslərinin hamısı belə haramçılıqla qurulub, halal yolla özünə böyük biznes quranları isə əvvəl-axır qapazlayırlar. Ölkədə ədalətli məhkəmə, azad seçkilər, qanunun aliliyi olmayana qədər isə heç kim bu haqsızlıqlardan sığortalanmayıb.