
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli
Taleyin gərdişinə baxın ki, AŞPA-nın 25 deputatı tərəfindən Azərbaycanda işgəncə hallarının araşdırılması ilə bağlı təşəbbüs məhz əziz dostumuz, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, ölkənin ən fədakar hüquq müdafiəçisi Oqtay Gülalıyevin doğum tarixindən bircə gün öncə irəli sürüldü. Sanki bu, onu bütün həyatı boyu ən ağır sınaqlara çəkən qədərin kiçik bir təsəllisi idi…
Oqtay bəy canlı şəhiddir, ədalət savaşının şəhididir və onu bu duruma məhz işgəncə faktlarının üstünə getdiyi üçün salıblar.
Mehman Qələndərovun həbsxanada işgəncə altında öldürülərək gizli bir şəkildə dəfn edildiyini məhz Oqtay Gülalıyev ifşa etmişdi.
Gəncə məhbuslarının göylərə bülənd olan fəryadını Azərbaycan cəmiyyətinə məhz Oqtay Gülalıyev çatdırmışdı.
Tərtər qətliamının, dövlət səviyyəsində öz vətəndaşlarına qarşı həyata keçirilən kütləvi terror vəhşətinin üzərindən qorxu və yalan pərdəsini məhz Oqtay Gülalıyev qaldırmışdı, onun sayəsində biz cəmiyyət olaraq Tərtərdə baş verən müsibətdən xəbər tutmuşduq…
Oqtay bəyi dəfələrlə Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Hərbi Prokurorluğa dəvət edib hədələmişdilər, xəbərdarlıq etmişdilər, “yolu keçən yerdə başına iş gələ, səni maşın vura bilər” demişdilər. Ondan tələb olunan isə bircə bu idi: “Işgəncələrdən yazma”.
Bu təhdidlər barədə, xəsisliklə olsa da, bizə də danışırdı. Dəfələrlə Milli Şuranın Koordinasiya Mərkəzinin iclaslarında ondan ehtiyatlı olmağı xahiş etmişdik. “Qismətimdə nə yazılıbsa, onu da görəcəyəm” deyib, gülümsəyib keçirdi…
Oqtay bəy bu dirənişinin və fədakarlığının bədəlini indi canı ilə ödəyir… və nə yazıq ki, cəmiyyət hələ də bu böyük insanın dəyərini bilmir… O isə özü bir Dəyərdir!
Bu gün əzizimiz Oqtay bəyin 49 yaşı tamam olur. Uzun müddətdən sonra onun səhhəti ilə bağlı bir ümid yaranıb. Allah Oqtay bəyə şəfa versin, tezliklə sağalıb yoluna durduğu yerdən davam etsin.
Əminəm ki, tezliklə Tərtər, Gəncə vəhşətləri, Azərbaycanda işgəncə təcrübəsi bütün dünyanın diqqətində olacaq və Oqtay bəyə qarşı törədilmiş terror əməlinin sifarişçiləri və icraçıları da ifşa olunaraq ədalət divanına təslim ediləcəklər.