
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Bu ölkənin doğurdan da anoloqu yoxdur. Gündən günə başdakı hakim zümrənin geriçi, səriştəsiz və zorakı xisləti xalq olaraq bizi müasir dünyadan daha çox uzaqlaşdıraraq tərəqqi yolunu üzümüzə qapayır. Vəkillərin əsassız vəsadət verdiyinə görə 500 manat cərimələnməsi barədə qanunvericiliyə ediləcək dəyişiklik, açıq aşkar hüquqa, ədalətə qarşı irticaçı münasibətdir, insanların müdafiə hüququnun qəsb olunmasıdır. Məgər, vəsadətin əsasız hesab olunması qanun pozuntusudur ki, buna görə vəkil cərimə olunur? Vəkil öncədən nə bilə bilər ki, onun vəsadətin əsaslı və ya əsassız sayılacaq. Bu halda cərimələnmək qorxusu vəkili susmağa məcbur edəcək ki, bu da məhkəmənin çəkişmə prinsipi ilə məsələni araşdırmaslnln qarşısının alınması demək olacaq.
Onsuz da məhkəmələr müstəqil deyil, korrupsiyalaşıb, ədalətli qərara verə bilmir. Bu azmış kimi, hələ üstəlik vəkillərin vəsadət vermək hüququnu bu şəkildə məhdudlaşdırmaq, dünya hüquq tarixinin ən irticaçı qərarlarındandır yəqin ki.
Bu şeytani pisliyi düşünüb ortaya çıxaranlar heçmi anlamırlar ki, onlar bu yolla hakimiyyəti qorumurlar, açıq aşkar ölkədə hüququ məhv edirlər, ədalətə olan son ümidləri də boğurlar . Vəkillərin məhkəmələrdə vəsadət vermək hüququ hakimiyyətin qorunmasına hər hansı formada təsir etmədiyi üçün, bu hüququ məhdudlaşdırmağın da iqtidarı qorumaqla heç bir əlaqəsi yoxdur.
Bəs ey iqtidar sahibləri, niyə ölkəni bu şəkildə məhv edirsiniz, onu orta əsrlərin feodal bataqlığına qərq edib, sivilizasiyayadan, tərəqqidən ayırırsınız.
Sizin içinizdə heçmi bu ölkənin gələcəyi ilə bağlı müsbət bir düşüncə, istək, zərrə qədər də olsa işıq yoxdur? Axı bu etdikləriniz milyonların haqqını hüququnu tapdamaqla bərbər, həm də bu xalqı kor etmək, şikəst hala salmaqdır.
Axı bu etdiyiniz təkcə siyasi müxalifətə, rəqiblərinizə qarşı mənfi münasibət deyil, həm də cəmiyyətə nifrət və düşmənçiliyinizi göstərir.
Niyə bu soyub istismar etdiyiniz binəva camaata belə nifrət edirsiniz? Niyə onun bu gününü, gələcəyini öz irticaçı düşüncələrinizlə, şərə xidmət edən xislətinizlə, doymaq bilməyən hərisliyinizlə məhv edirsiniz?
Tamam bu xalqın sizə müqavimət göstərməyə gücü yoxdur, istədiyinizi edə bilərsiniz. Bəs sizin heçmi vicdanınız, heçmi insafınız yoxdur ki, bu ölkəni, bütöv bir xalqı kor etmək üçün hər cür pisliyə, çirkinliyə əl atırsınız?
Axı tutduğunuz vəzifə, oturduğunuz kürsülər müvəqqətidir, gün gələcək siz onları itirəcəksiniz, ancaq bu millətə etdiyiniz pisliklər, onun gələcəyinə vurduğu uz baltalar öz açdığı yaralara qalacaq. Müxalifətə düşmən kimi davranın, səbəbini başa düşürük, bəs xalqa niyə belə düşmən münasibət bəsləyirsiniz? Varmı bunun izahı, sizdən sonra nəvələrini, nəticələrini dəbu xalqın içində olub onu saldığımız bu fəlakətli durumdan öz nəsibini almayacaqlarmı? Niyə sizə papaq gətirin deyildiyi yerdə gedib başı da kəsib üstündə gətirirsiniz? Doğrudanmı sizlər kollektiv şəkildə sadistliyə mübtəla olmusunuz, əzməkdən, haqsızlıq etməkdən, insan əzabından zövq alırsınız? Bunun başqa bir izahı varmı? Etdiklərinizin sərvət , hakimiyyət üçün olduğunu demək olmaz, çünki onlar artıqlaması ilə varınızdır, demək ki, ortada sadizm var, başqalarının əzabından zövq alaraq etdiyiniz zülmlərdən məmnunluq duyursunuz.