AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Mistik musiqilər ifa edən “Eniqma” qrupunun səsləndirdiyi “Sadeness” ruhların qeybdən gələn səsi kimi insanı ovsunlayır, bu dünyanın ehtiras və həzzlərinin girovluğunda iztirab çəkən ruhları ayağa qaldıraraq onlara çağrış edir. Bu mahnının mistik sözləri və musiqisi ilə sanki ruhlar onları susduran qadağalara qiyam edərək insana xitab edir , onun bu dünyadakı varlığını, həyatını sorğulayır.
Sorğulanan insan isə Tanrı tərəfindən tək yaradılıb. Elə bu tək yaradılmağa görə də bütün dinlərdə məhşər günü insanların tək – tək olaraq sorğuya çəkiləcəyi bildirilir. Çünki yalnız təklik insana özü olmaq imkanı verir. Hansısa sosial status, kollektivin üzvü kimi mənsubiyyət formalarından, qəliblərdən kənarda olduqda insan azad ola, öz ruhunu dinləyə, öz dünyasına vara bilir. Bu üzdən də insan mənəviyyatının ağır yükünə çevrilmiş manupulyativ kimlikdən qurtulmağın, öz mənini unudub başqaları üçün gərəkli rollar ifa etməkdən azad olmağın da yolu təklikdən keçir. İnsanın mənəvi kamilliyini öyrədən bütün Ezoterik məktəblərdə insan yalnız öz təkliyinə, iç dünyasına dalaraq ilahi həqiqətlərə, dünyadan asılı olmayan hüzura, bütün kainatla harmonik vəhdətə doğru yol ala bilir.
Təklik insanın təbii mövcudluq formasıdır. Bənzərlik ola bilər, ancaq eynilik ola bilməz. Ancaq insan öz təkliyindəm qaçır, sanki onu bir bədbəxtlik hücrəsi kimi gördüyündən özü varlığını başqaları ilə ünsiyyətdə unutmağa can atır. İnsan tək qalmaqdan sıxılır, darıxır və bu üzdən də özündən qaçmağa çalışır. Əslində baş qatmaq üçün görülən bütün işlər, kollektiv birgəliklər insanı özündən qorumaq, öz içində yalqızlıqdan qurtarmaq üçündür. Çünki insan tək qaldıqda Eniqmanın Sadenessində (Hüzün) deyildiyi kimi “araddığın nə?” sualı ilə üz üzə qalır. Bu suala şüurumuzun, istəklərimizin cavabı bəllidir, həyatımız zatən bu istəklərin diktəsi ilə bizi əsir alıb. Ancaq insanın “ruhunun aradığı nə?” sualına cavab vermək zorunda qalması onu üzür, bu dünyanın maddi istəklərindən soyudur, üzünə başqa bir dünyaya, başqa səmtə çevirir. Təklik bu üzdən öz ruhunla baş başa qalmaq, onun mövcudluğunu fərq etmək, şüur və fiziki bədəndən fərqli duyğularla özünü anlaya bilmək, ağlın kor, çarəsiz qaldığı iç dünyanda hisslərlə yeni bir aləmi kəşf etməkdir.
Həbsxanada tək saxlanılmaq özü bir psixoloji işgəncə hesab olunur, həyatda isə tək qalmaq bu işgəncənin bənzəri olaraq insanların nəzərində bədbəxtliyə məhkum olunmaq kimi qəbul olunur. Bu üzdən də sanki həyatın bədbəxtlik malekulunun bölünmüş, cəmiyyətə səpələnmiş atomlarına çevrilmiş tək insanlar da, özlərini daha çox cəmiyyətin bu acıma duyğuları qarşısında əzilmiş, yazıq hiss edirlər. Hallbu ki, insanlara təlqin olunmuş real həyatdakı gerçək xoşbəxtlik heç bir kollektiv birgəlik formasında davamlı şəkildə mövcud deyil . Bu iki gözü olmayan insanın gözlərinin olmasını xoşbəxtlik kimi dərk etməsinə bənzəyir. Halbuki milyonlarla özünü bədbəxt hiss edən insanlar içində kimsə iki gözü olduğu üçün özünü xoşbəxt saymır.
Bu mahnıda ” nədən sevmədən həzz almaq” sualı əslidə insan ruhunun, duyğularının kütləvi qətli fonunda yaşanan faciəvi zövqü, mənəvi aşınmanı, mənəvi intiharları, cahil insanın bayağı, dayaz, hər cür estetik kamillikdən, ruhi çallardan, incə zövqdən məhrum ləzzət aludəçiliyini sorğulayır. Ona görə də Eniqma insana xitabən “söylə şeytanmısın ya mələkmisin?” ifadəsi ilə, əslində özündən, iç dünyasından təklik xofu ilə qaçıb uzaqlaşmış insanın ləzzət anlayışının şeytaniləşməsi əndişəsini dilə gətirir. Ləzzət anlayışı şeytaniləşmiş insan isə Tanrıdan uzaqlaşıb şeytanın ta kədisinə çevrilir. Bu üzdən də qandan, zorakılıqdan, narkotikdən, bayağı, səsli küylü mənasız məzmunsuz musiqilərdən, sosial şəbəkələrdə milyonlarla gənci özünə aludə edən asi, vulqar həyat tərzini təbliğ edən səviyyəsiz videosüjetlərdən həzz almağa aludə olan insan, getdikcə bayağılaşıb, mənəvi dəyərlərdən uzaqlaşdığını, öz varlığını Allahdan alıb şeytana təslim etdiyinin fərqində belə olmur. Beləcı şeytanın insan ehtirası ilə qızışdırıb böyütdüyü qara dəlik hər gün öz nəhəng cazibəsi ilə milyonlarla qurbanını öz gedər gəlməz boşluğuna çəkib bir heçliyə, puçluğa çevirir.
Kütləvi dəb, kütləvi psixoz, kütləvi trend insanı öz təkliyindən alıb fərdiliyini sürü psixoogiyasında əridib məhv edir və insan özü olmaqdan çıxıb kütlə adlı molekulun atomuna çevrilir.
Təklik Allaha məxsusdur. Allahın çox cəhətləri var, mərhəmət, qorumaq, nizam qurmaq və s. İnsan Allahın bu xüsusiyyətlərini əxz edib, düşüncəsinə, həyatına gətirməklə ruhi kamilləşmək və mənəvi yetkinliyə çatmaq yoluna qədəm qoyur. Ancaqc insan təklikdən qorxur, baxmayaraq ki, itaət etdiyi Allah təkdir. Çünki insan tək qaldıqda Ruhun ona hakim olacağından, başqaları ilə zamanı yola verə bilməyəcəyindən, bu üzdən içində də onu gözləyən qeyri müəyynliyin arxasındakı gerçəklərlə üzləşə biləcəyindən təhtəlşuri bir qorxu, narahatlıq duyur. Ancaq özünü kütlədən ayrı görən və adi insanların təklik qorxusundan daha üst məqamda olan böyük filosoflar, düşünürlər hər zaman təkliyi seçirlər. Yaradıcılıq təklikdən doğur, idrak təkliyi sevir, duyğuların pərvazlanması üçün təklik meydan hesab olunur, ilahi həqiqətlərin hikmətlərinə vaqif olmağın yolu təklikdən keçir, özünü kütlə adlı despotun əzici hökmündəm azad etməyin çarəsi təklikdə gizlənir.
Eniqmanın şərqisində ilahi bir mesaj kimi axıb gələn “hüzur içində irəlilə” sözləri də təkliyə bir çağırışdır. Təklikdə hüzur var, dünyanın basqılarına, həyatın təcavüzlərinə, insanların səndən alıb qoparmaq istədiklərinə, zamanın çalxantılarına qarşı sən tək durduqca, özünə güvənərək ortaya qoyduğun və kimsədən asılı olmayan dirənc əzmin, iradə gücün səni qasırğalara qarşı qoruyan örtük kimi hüzura qovuşdurur. Bu üzdən də hüzuru, tarazlığı sən həyatda deyil öz içində, ruhunda tapırsan.
Ona görə də içindəki hüzurla irəli, irəli… Həyat davam edir
Siz də dinləyin bu möhtəşəm çağırışı…..