Hüquq müdafiəçisi Anar Məmmədli
Azərbaycan Respublikasının müstəqilliyi bərpa olunduqdan 5 il sonra ölkədə torpaq islahatı başladı. 1996-cı ildə qəbul edilmiş hüquqi normativ aktlarla ölkədə torpaq üzərində mülkiyyətin 3 forması müəyyənləşdi – dövlət torpaqları, bələdiyyə torpaqları və xüsusi mülkiyyətdə olan torpaqlar.
Ötən 25 il ərzində bu islahatlar ideal səviyyədən xeyli uzaq şəkildə baş tutdu. Xeyli sayda vətəndaş, xüsusən də kənd rayonları əhalisi pay torpaqlarının ədalətli bölünməməsindən narazı qaldı. Bu barədə xeyli yazılıdğından diqqəti ikinci Qarabağ müharibəsində işğaldan azad edilmiş torpaqlarda islahatların aparılması zərurətinə çəkmək istərdim. Məsələn, 1996-cı ildə qəbul edilmiş “Torpaq islahatı haqqında” qanunun keçid müddəalarında bu məsələ şağıdakı şəkildə yazılıb:
“Maddə 24. Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində zəbt edilmiş torpaqların azad olunmasından sonra torpaq islahatının aparılması
Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində zəbt edilmiş torpaqların azad olunmasından sonra torpaq islahatlarının aparılması və həmin torpaqlardan məcburi köçürülmüş şəxslərin xüsusi mülkiyyətinə torpaqların verilməsi bu Qanunda göstərilən qaydada həyata keçirilir.
İşğal altından azad olunan torpaqlarda islahatın aparılması, həmin ərazilərdə iqtisadiyyatın bərpası dövlət proqramı əsasında həyata keçirilir”.
Amma ötən 10 ayda dövlət qurumları və rəsmilərindən Qarabağda torpaq islahatları planı barədə heç bir məlumat yoxdur.
Əlavə olaraq, işğal altında olan bölgələrdə ötən 20 ildə bələdiyyə seçkiləri də keçirlməyib. Yəni hazırda işğaldan azad olunmuş ərazilərdə torpaqların statusu qeyri-müəyyən qaldığı üçün bələdiyyələrin formalaşması da yubanır.
Hazırda işğaldan azad olunmuş ərazilərin torpaq fondu, yararlı və yarasız torpaqların həcmi, dövlət obyektləri, yaşayış binaları, evləri və həyətyanı sahələrlə bağlı açıq məlumat yoxdur. Belə olduğu təqdirdə həmin ərazilərdə yolların çəkilməsindən tutmuş əkin sahələrinin salınması, yeni obyektlərin tikilməsi və sair kimi tikinti-quruculuq işlərinin hansı əsaslarla həyata keçirildiyi sual altında qalır.
Yeri gəlmişkən, bu günlərdə Kənd Təsərrüfatı Nazirliy yanında Aqrar Subsidiya Şurasının verdiyi qərara əsasən işğaldan azad olunmuş rayonlarda meyvəçilik üzrə bağlara birdəfəlik subsidiya veriləcək. Qərarda deyilir:
• 2022-ci ildə Ağdam, Ağsu, Cəlilabad, Füzuli, Xocavənd, İsmayıllı, Qəbələ, Qobustan, Qubadlı, Lerik, Siyəzən, Şabran, Şamaxı, Şəki, Yardımlı və Zəngilan rayonlarında dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə dəmyə şəraitində 2022-ci ildə salınacaq üzüm bağlarının hər hektarına görə 8000 manat birdəfəlik əkin subsidiyası veriləcək.
Maraqlıdır ki, yuxarıda adı çəkilən rayonlardan beşi işğaldan yeni azad olunub və bu rayonlarda torpaq islahatı aparılmayıb. Bəs orada üzüm bağlarını kimlər və hansı torpaqlarda salacaqlar?