Vəkil Nemət Kərimli bu ilin iyununda Almaniyadan redmissiya sazişi əsasında Azərbaycana qaytarılan və oktyabrın sonunda həbs olunduğu bildirilən fəal Malik Rzayevlə görüşə bilmədiyini deyir.
N.Kərimlinin sözlərinə görə, M.Rzayevin müdafiəsi ilə bağlı noyabrın 1-də müqavilə bağlasa və həmin gün order müstəntiqə təqdim olunsa da, artıq beş gündür ki, onunla görüşə imkan yaradılmır: “Malik Rzayev Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, … satma) maddəsi ilə həbs olunub. Onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib və 3 saylı İstintaq Təcridxanasına köçürülmüşdü. Dünən və bu gün, noyabrın 5-də onunla görüşə cəhd etsəm də, mənə bildirildi ki, Malik Rzayevi istintaq aparan Sumqayıt Polis İdarəsinin müvəqqəti saxlama yerinə aparıblar. Bu, mənə xəbər verilmədən baş verib”.
Vəkilin dedikləri ilə bağlı Penitensiar Xidmətdən və Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
İyunun 1-də Almaniyadan Azərbaycana qaytarılan şəxslərdən həbs edilən təkcə M.Rzayev deyil. Onlardan biri də oktyabrın sonunda həbs olunmuş AXCP üzvü Mütəllim Orucovdur. Adlarının çəkilməsini istəməyən yaxınlarının vurğulamasına görə, o, polisdə işgəncələrə məruz qaldığını bildirib. Onun da vəkili N.Kərimlidir. Vəkil bildirmişdi ki, M.Orucov ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamlarla razı deyil: “O, özünü təqsirli bilmir və öz həbsini Almaniyadakı siyasi fəaliyyəti ilə bağlayır”.
Onun iddiasına da Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmamışdı. Amma istər Daxili İşlər Nazirliyi, istərsə də başqa rəsmi qurumlar polis və təcridxanalarda saxlananlara işgəncə verilməsi ilə bağlı iddiaları əsas etibarı ilə təsdiq etmirlər.
Son illər Azərbaycanla Avropa İttifaqı arasında imzalanan redmissiya sazişinə əsasən, yüzlərlə mühacir Almaniyadan Azərbaycana qaytarılıb. Onların bir qrupu da bu ilin iyulunda gətirilmişdi.
Azadlıq radiosu