Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
44 günlük müharibədən dərhal sonra yazmışdım ki, bu müharibədə qazandığımız hərbi uğurlar özü ilə o uğurlar ağırlığında problemlər gətirəcək. Bu şəhid ailələrinin qayğılarıdır, vətən qazilərinin müalicəsi, yerləşdirilməsidir, dağıdılmış yaşayış yerlərinin bərpası, köçkünlərin ora qaytarılması, məskunlaşdırılmasıdır.
Digər tərəfdən hərbi uğurların siyasi yekun tapmaması zaman keçdikcə, eyforiya dalğası çəkildikcə yeni-yeni problemlər yaradacaq ki, bu problemlərin hər birinin həllində yol veriləcək nöqsanlar ölkədə siyasi böhranla nəticələnə bilər.
Bunu xatırlatmaqla özümü uzaqgörən-filan kimi tərifləmək fikrindən uzağam. Bu problemləri elə mənim kimi, məndən də yaxşı onlarla adamlar sadalayıblar. Əliyevlərin hakimiyyətdə olduqları bir il, iki il deyil ki. Ata-bala 28 ildir hakimiyyəti qəsb ediblər. Və onların bu 28 ildə fəaliyyətlərinə baxıb bu gün yaranacaq problemləri görməmək, eşitməmək, nəticə çıxarmamaq üçün ya anadangəlmə kor, kar, axmaq olmalısan, ya da özünü korluğa, karlığa, gicliyə qoymalısan.
Problemlər isə göz deşir. İşğaldan azad edilmiş ərazilər böyük bir korrupsiya, oğurluq poliqonuna çevrilib, şəhid ailələri nalə çəkir, qazilər intihara təhrik edilir, etmək istəməyənlər təpik altına salınıb şil-küt edilir.
Bu arada təkliflər səslənir ki, İlham Əliyev oğurlayıb Londona daşıdığı 700 milyon dolları ölkəyə qaytarıb qazilərin problemlərini həll etsin. Bilmirəm belə təklifləri edənlərin qazilərimizə yazıqları gəlmirmi? Axı iş o qədər ciddiləşsə Əliyev o qazilərin birini salamat buraxarmı? Bəyəm o pullar qaytarılıb qazilərə vermək üçün çapılıb? Ya necə fikirləşirsiniz, Əliyev deyəcək ki, “Leyla, qızım, o 700 milyonu qaytar gətir verək qazilərə”, Leyla da “da, da, da…” deyəcək? Bunlar o milyardlar üçün Azərbaycanın ərazi bütövlüyünü, dövlətçiliyini qurban ediblər, ölkəyə, onun xalqına düşmən kəsiliblər, bir ovuc qazi nədir ki, bunlar üçün.
Qeyd etdiyim kimi, bu problemlərin hər biri ayrı-ayrılıqda bu rejimin sonunu gətirə biləcək problemlərdir. Təəssüf ki, Covid pandemiyası dövlətimiz üçün indiki gərgin məqamda bir qılafa çevrilib bunları qoruyur, ölkənin taleyüklü məsələlərini müqavimətsiz daşa, qayaya çırpmağa bunlara hələ ki imkan verir.
Amma bu pandemiya zibil əbədi deyil ki, sonu görünməkdədir…