Bir patriarxın sonu haqda fəlsəfi – siyasi düşüncələr
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı
Siyasi qovğalar, eyforiyalar hər zaman öz arxasınca sərt reallıqlar buraxır. Bu baxımdan Ramiz Mehdiyevin istefası əslində cəmiyyətimiz üçün bu gün yaşadığı reallığı hər hansı formada dəyişəcək bir olay deyil. Çünki Ramiz Mehdiyev bu ölkəyə vura bildiyi bütün ziyanları, edə bildiyi bütün pislikləri edib başa vurmuş qocalmış bir şər idi. Onun bu şər mahiyyəti əsasında yoğrulmuş siyasi sistemin kadr siyasəti elədir ki, hakim komanda başdan ayağa düşüncə və məqsəd baxımdan Ramiz Mehdiyev kimlərdən ibarətdir. Məhşur Fransız məsəlində deyildiyi kimi, “kral getdi yaşasın kral” deyimi də bu gün Azərbaycanda “Ramiz Mehdiyev getdi yaşasın Ramiz Mehdiyevi” formulu şəklində mövcuddur. Sadəcə Ramiz Mehdiyev sistemin bütün eybəcərliklərini öz şəxsiyyətində əks etdirən ümumiləşmiş bir obraz idi. Kimsə düşünməsin ki, bu obrazdan qurtulmaqla mövcud hakimiyyəti özünü cəmiyyət qarşısında ağlamış, yenilənmiş formada təqdim edə biləcək. Əksinə, bundan sonrakı dönəmdə hakimiyyətin bəhanələri aradan qalxdığı üçün daha problemlərin bütün günahını “mifik” Ramiz Mehdiyevin boynuna atmaq mümkün olmayacaq. Əvvəllər islahatlara “Ramiz və qruplaşması imkan vermir” bəhanəsi kimlərisə aldatmağa yetirdisə, bundan sonra hakimiyyətin bütün siyasi və mənəvi məsuliyyəti İlham Əliyevin üzərində qalacaq.
Qoca patriarxın gedişindən sonrakı dövrdə də hakimiyyətin siyasətində hər hansı dəyişiklik olmayacağına görə, ictimai rəydə belə təəsürat yaranacaq ki, ya Ramiz Mehdiyev yeridilən siyasətin sadəcə peşəkar icraçısı idi, ya da ki, onu çıxarıb onun qoyduğu yolla da gedirlər.
Biz ötən yazıda da yazmışdıq ki, dövlət hakimiyyətinə baxış dəyişməyincə, hakim komanda özünü ictimai səmərə əldə etmək üçün çalışan siyasi qüvvə yerinə, ölkəni yağmalamağa çalışan kriminal qruplaşma kimi apardıqca dövlət idarəçiliyində də hər hansı dəyişiklik olmayacaq.
Ramiz Mehdiyevin gedişinin əsas müsbət nəticəsi odur ki, bu gün o düşüncədə olan hər kəs gördü ki, ömrü boyu şər işlərə rəhbərlik edib, əlindən gələn və gəlməyən pislikləri xalqa, cəmiyyətə edən, mütərəqqi ideyalara qənim kəsilən bir insan əslində özünə qarşı necə böyük bir nifrət qazanıbmış. Demək ki, vəzifə, səlahiyyət sahibi olarkən deyilən yaltaq təriflər, mədhiyyələr sabun köpüyü kimi boş və mənasız imiş.
Mehdiyevlə bağlı hadisə həm də, hakimiyyət daxili mənəvi siyasi mühitin insanları necə fərqli haldan hala saldığını, onların şəxsiyyət kimi qürurunu, xarakterini məhv etdiyini göstərdi. İllər uzunu Ramiz Mehdiyevin əlini öpməyə hazır olan, ona mədhiyyələr deyən, salam vermək üçün fürsət axtaranlar bir sifarişlə qılıncıarını çəkib ən vulqar və təhqiramiz ifadələrlə onun üstünə hücum çəkdilər. Ona görə də, baş verənlər təkcə Ramiz Mehdiyevin vurulması deyildi, həm də mövcud sistemin müti nökərləri nümunəsində insan şəxsiyyətini, öz mənəvi simasını da baltalaması prosesi idi. Heç kim şübhə etmir ki, sabah ölkədə vəziyyət biraz gərginləşərsə, bu adamlar öz düşərgələrini hamıdan əvvəl tərk edəcək xaraktersizlərdir.
Ramiz Mehdiyevin bu günkü aqibəti həm də, onun qurulmasında müstəsna əməyi olduğu siyasi rejimin gələcəyini özündə əks etdirir. Demək ki, sən ən mahir seçki saxtakarı olsan da, insanların siyasi mənsubiyyətinə görə onları ən qəddar şəkildə cəzalandırsan da, xalqın sərvətlərini talayan ən mahir oğru olsan da, ən peşəkar intriqa ustası sayılsan da, bütün mütərəqqi ideyalara qarşı qənim kəsilmiş ən irticaçı zehniyyətə sahib olsan da, hər zaman öz ölkəni hakimiyyət mənafeləri naminə xarici maraqlara satan da, ətrafında bir sürü yaltaqlar sürüsü təmənna ilə dövrə vursa da, qılıncının dalı qabağı kəssə də, etdiklərinə görə qanunların və məsuliyyətlin fövqündə dursan da günün birində bax beləcə tərk edilmiş, nifrət və qəzəblə əhatələnmiş, öz pisliyində boğulmuş, adi bir salama möhtac qalacaq qədər aciz, köməksiz qalıb öz keçmişinlə, şər mahiyyətli kimliyinlə üzləşəcəksən.
Bunu fərq edəndə, buna görə peşiman olanda isə artıq çox gec olacaq.