Bu gün, sentyabrın 10-da “Xural” saytının rəhbəri Əvəz Zeynallını Baş Prokurorluğun əməkdaşlarının saxladığı bildirilir.
Bu barədə fəal İlkin Rüstəmzadə özünün facebook səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Ə.Zeynallı onun yanında saxlanılıb:
“Kafedə bir yerdə idik. Gəlib apardılar. Təqdim etdikləri kağıza görə, Əvəz bəy Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb”.
Cinayət Məcəlləsinin 311-ci maddəsində söhbət rüşvət almadan (passiv rüşvətxorluq) gedir.
Bir ədər sonra Əvəz Zeynallının saxlanmasını onun xanımı Məlahət Zeynallı da təsdiq edib.
O da deyib ki, yoldaşı cinayət məcəlləsinin 311-ci maddəsi ilə ittiham edilir və amma ittihamı qəbul etmir.
Məlahət Zeynallının vurğulamasına görə, hazırda redaksiyada axtarış aparılır.
Hələlik, hüquq mühafizə orqanlarından məlumatı dəqiqləşdirmək mümkün olmayıb.
Jurnalist Əvəz Zeynallı ətrafında son günlər baş verənlər
Bir neçə gün əvvəl “Xural” TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat pul alması barədə iddialar irəli sürüldü.
Bu barədə iddialar Azərbaycanda bəzi yerli saytlarda yer aldı.
Orada Ə.Zeynallının R.Məmmədovun yaxınlarından onu tənqid etməyi dayandıracağı əvəzində pul aldığı bildirilirdi. Lakin iddialarda Ə.Zeynallının üzərinə düşdüyü öhdəliyi pozduğu üçün R.Məmmədovun ailəsinin pulu geri tələb etdiyi qeyd olunurdu.
Həmin saytlarda Əvəz Zeynallının səs yazisi da yayılmışdı. O səs yazısında jurnalist Rasim Məmmədovla bağlı sırf informasiya verdiyini qeyd edirdi.Həmin səs yazısında o nəyisə “iadə” edə biləcəyini desə də, sohbətin konkret nəyin qaytarılmasından getdiyi açıqlanmırdı.
Rasim Məmmədovun vəkili Elçin Sadıqovisə yerli saytlara açıqlamasında məsələ ilə bağlı bunları demişdi:
“Mən də bu xəbəri oxuyandan sonra Rasim Məmmədovun ailəsi ilə əlaqə saxladım. Ancaq onlar bu iddianı birmənalı olaraq təkzib etdi. Orada “iadə” ifadəsində heç bir puldan söhbət getmir. Ailə bu xəbərə görə ciddi narahat olub. Orada Rasim Məmmədovun günahsızlığını özündə əks etdirən konkret sənədlərdən söhbət gedir. Əvəz bəy həmin sənədləri qaytarmasını nəzərdə tutub”.
Öz növbəsindəƏvəz Zeynallı da Rasim Məmmədovun ailəsindən rüşvət alıb qaytarması ilə bağlı iddiaları yalanlamışdı.
“Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovu 2021-ci ilin fevralın 1-də Dövlət Təhlükəsizliyi Xidməti həbs edib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkədə metallurgiya sənayesinin inkişafına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqda ittiham olunub. R.Məmmədov da ona qarşı ittihamları qəbul etmir.
Əvəz Zeynallı 2011-ci ildə də rüşvət iddiası ilə üzləşib, 9 il həbs cəzası alıb. Amma o həmin vaxt da ittihamı əsassız və qurama sayıb. O, 2014-cü il dekabrın 29-da Prezidentin əfv sərəncamı ilə azadılığa çıxıb.
Azadlıq radiosu