AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli
Siyasi məhbus siyahısına daha iki nəfər əlavə edildi Azərbaycan !
Vəkil Elçin Sadıqov və internet televiziya rəhbəri Əvəz Zeynallı.
Səbəb hamımızın biganəliyi.
Kirayə qaldığı evin pulunu verə bilməyən Niyaməddin Əhmədov “terroru maliyyələşdirmə” ittihamı ilə 13 il azadlıqdan məhrum edildi. Dinmədik.
Kasıbçılıqdan, əlacsızlıqdan üç körpə balasının üzünə baxa bilməyən, hövlündən günaşırı uşaq pulu tələbilə canlı yayım açan Aqil Hümbətov “bıçaqlama” (xuliqanlıq) maddəsilə 10 il azadlıqdan məhrum edildi. Dinmədik.
Şahmat çempionu və müəllimi Şahin Hacı Facebookda kəskin tənqidi yazılarına, AXCP Gəncə şöbəsinin təşkilatlanmasındakı fəaliyyətinə görə narkotiklə şərlənib 6 il zindana məhkum edildi. Dinmədik.
Sosial şəbəkələrdə aktiv tənqidi yazılarına və yenə də AXCP Gəncə şöbəsinin inkişafındakı xidmətlərinə görə Razi Alışov narkotiklə şərlənib həbs edildi. Dinmədik.
Şübhəli siyasi alver nəticəsində Almaniyadan deportasiya edilən siyasi aktivist Samir Aşurov bıçaqlama ittihamı ilə şərlənib həbs edildi. Dinmədik.
Yenə Almaniyadan deportasiya edilmiş cəbhəçi Pünhan Kərimli narkotiklə şərlənib 6 il azadlıqdan məhrum edildi. Dinmədik.
Yenə Almaniyadan deportasiya edilmiş cəbhəçi Mütəllim Oruc narkotiklə şərlənib həbs edildi. Dinmədik.
Yenə Almaniyadan deport edilmiş cəbhəçi fəal Cəfər Mirzəyev narkotiklə şərlənərək həbs edildi. Dinmədik.
Susduq. Özü də inadla susduq. Bəlkə bu kor inaddan əl çəkək? Cəmiyyətin sağlamlaşması üçün azadlığından keçən fəal, mərd insanlara sahib çıxaq ? Xalq üçün ağlayan gözləri kor qoyan namərdlərə dur deyək?
Nə düşünürsünüz? Susmağa davam ya tamam ????