Hüquq müdafiəçisi Anar Məmmədli
Jurnalist Əvəz Zeynallı ilə vəkil Elçin Sadıqovun həbsi siyasi repressiyanın yeni dalğasıdır. Peşə fəaliyyətlərində müstəqil və tənqidçi mövqe tutan iki tanınmış şəxsin həbsini Baş Prokurorluqla məhkəmə həyata keçirdi. Bununla da bu repressiyanın arxasında Azərbaycan dövlət qurumları və hakim siyasi elitanın durduğunu göstərdilər.
Dünənki həbslərin arxasında hansısa məmurun daha maraqlı olmasının bizim üçün önəmi yoxdur. Çünki siyasi motivli bu cinayət işinə, yəni özbaşınalıq və qanunsuzluğa məhkəmə-hüquq orqanları cəlb olunub, burada hansısa vəzifəli şəxsin ad və soyadını hallandırmaq önəmli deyil.
Dünənki həbslər həm də kreptokratik rejimin özünü müdafiə reaksiyasıdır. Rasim Məmmədov adlı iş adamı vaxtilə əməkdaşlıq etdiyi məmurları ifşa edir, onun bu açıqlamasını yayan jurnalist və vəkili həbs edilir.
Gələk, bu həbslərin perspektivinə. Hamımız yaxşı bilirik ki, Elçin Sadıqov insan hüquqları vəkili kimi onlarla siyasi fəalın, jurnalist və vətəndaş cəmiyyəti təmsilçisinin hüquqlarının müdafiəsində çalışıb. Elçin xarici ölkələrdəki vəkillik qurumları və beynəlxalq vəkil təşkilatları arasında da tanınmış şəxsdir. Yəni onun həbsi həm cəmiyyətdə, həm də beynəlxalq səviyyədə ciddi etirazlara səbəb olacaq.
Göründüyü kimi, dünyanın başının Ukraynanın müdafiəsinə qarışması və Azərbaycandan Avropaya qaz ixracının artmasından ürəklənən hakim siyasi elita bu geopolitik durumdan maksimum istifadə edərək, siyasi repressiyaları davam etdirmək, öz vətəndaşlarını tənqidi fikirlərdən çəkindirmək üçün həbslərlə cəzalandırmaq yolunu tutub. Belə antimilli və düşük siyasətin uzun müddət davam edəcəyinə inanmıram. Avropa və Ukrayna bu qışı birtəhər keçirəcək, bəs sizin növbəti yaza planınız nə olacaq?! Hər rüb Avropa Şurası Nazirlər Komitəsinə göndərdiyiniz hesabtlarda Azərbaycanda məhkəmə-hüquq sistemindəki islahatlardan bəhs edirsiz. Amma dünən bir rayon məhkəməsinin timsalında həmin islahatların necə çürük və gülünc durumda olduğunu göstərdiz.