Siyasi şərhçi Rauf Mirqədirov
Mən nə Əvəz Zeynallıya, nə də Elçin Sadıxova bəraət qazandırmaq fikrində deyiləm. Çünkü bütün hallarda çox ürəkbulandırıcı bir olaydır. Amma məsələnin hüquqi tərəfi məndə ciddi suallar doğurur.
Əvəz Zeynallı küllü miqdarda rüşvət almaqda ittiham olunur. Hansı əsasalarda, aydın deyil. Təqdim olunmuş səs yazısından bizə aydın olan yalnız odur ki, o müvafiq məhkəmə prosesini işıqlandırmaq üçün nəsə alıb. Ehtimal etmək olar ki, söhbət hansısa pul məbləğindən gedir. Amma bu yeganə variant deyil…
Söhbətdən bizə məlum olur ki, şərti olaraq “sifarişçi” adlandıra biləcəyimiz şəxsi Əvəz Zeynallının məhkəmə prosesini işıqlandırma tərzi qane etməyib. Cavab olaraq jurnalist “sifarişçidən” aldığı “nəyisə” qaytarmağa hazır olduğunu bildirir. Birincisi, jurnalist vəzifəli şəxs deyil. Onun məhkəmə qərarlarına birbaşa təsir imkanı sıfra bərabərdir. Yəni, jurnalist hər hansı bir hökmün çıxarılması barədə məhkəmə heyətinə heç bir göstəriş verə bilməz. Bu halda sual olunur ki, hansı rüşvətdən söhbət gedir?!!!
İkincisi, söhbətdən ortalıqda jurnalist tərəfindən hər hansı bir şantaj faktının olması haqqında nəticə çıxarmaq mümkün deyil. Əksinə, Zeynallı “sifarişçini” heç nə ilə təhdid etmədən aldığı nədirsə onu “heç bir problemsiz” qaytarmağa hazır olduğunu bildirir. Bir sözlə, açıqlanmış faktlara görə biz “sifarişçinin” jurnalist tərəfindən hətta şantaj olunub ondan nəsə tələb edildiyini belə idia edə bilmərik. Əgər şantaj faktı göz qabağında olsaydı, bu doğrudan da ciddi cinayət əməli sayıla bilərdi.
Üçüncüsü, söhbətin “sifarişçi””tərəfindən qeydə alınması və bu səs yazısının açıqlanması onun əsas məqsədinin nə Zeynallını üzərinə götürdqyü “öhdəlikləri” yerinə yetirməyə, nə də verdiyini qaytarmağa məcbur etmək olmadığı ehtimalını yaradır. Zeynallı və Sadıxovun operativ həbsi və milyonları mənimsəməkdə və milyonlarla rüşvət almaqda ittiham olunanlardan fərqli olaraq DTX-nın təcridxanasında saxlanmaları hər ikisinin “neytrallaşdırılması” üzrə bir əməliyyatın şahidi olduğumuz ehtimalını yaradır…
İndi isə nəticələrə keçək. Birincisi, əgər ortalıqda rüşvət və şantaj faktı yoxdursa, bu halda söhbət yalnız Zeynallı tərəfindən “sifarişçiyə” “informasiya dəstəyi” xidmətinin göstərilməsindən və xidmət əvəzində müəyyən haqqın alınmasından gedə bilər. Özü-özlüyündə belə bir xidmətin göstərilməsində qeyri-qanuni, cinayət xarakterli heç bir əməl yoxdur. Bu halda qanun pozuntusu hadisəsinin olduğunu yalnız vergidən yayınmaq faktı aşkar olunarsa, iddia edə bilərik. Amma 20 mindən “küllü miqdarda” vürgidən yayınmaq almaz. Bunun cəzası da yalnız cərimədir. Məbləğin geri qaytarılması faktı təsbit olunarsa, bu qanun pozuntusu da aradan qalxmış sayılır. Gəlir olmadığı yerdə vergidən yayınma faktı da ola bilməz.
Bu halda Elçin Sadıxovun cinayət məsuliyyətinə cəlb olunması ümumiyyətlə absurddur. “Xitmət göstərilməsində” vasitəçilik etməyə görə cinayət məsuliyyətinə cəlb etmək olmaz. Burda da yalnız söhbət ən çoxu vergidən yayınmaqdan gedə bilər, əgər Sadıxov vasitəçilik xidmətlərinə görə nə isə bir haqq alıbsa…
İkincisi, əgər Zeynallı və Sadıxovun əvvəlcədən hazırlanmış hər hansı bir “əməliyyatın” qurbanı olmaları ehtimalı doğrudursa, onda bu qalmaqal iştirakçılarının maraqlarınln nədən ibarət olduğu aydın olur. Xüsusi xidmət orqanlarının Zeynallı və Sadıxovu nə üçün “neytrallaşdırmaqda” maraqlı olduğunun düşünürəm ki, əlavə izaha ehtiyacı yoxdur…
Müəyyən hallarda “sifarişçiyə” də xüsusi xidmət orqanlarına yardımçı olmaq sərfəli ola bilər. Bu yolla çətin vəziyyətdə olan cənab Məmmədovun aqibətini ən azı yüngünləşdirmək mümkündür.
“Haqqın.az”-ın da öz maraqları var. Ən azından ” xidmətlər bazarında” bu KİV ilə rəqabət apara biləcək bir subyekt sıradan çıxmış olacaq. “Haqqın.az” Məmmədovun işinə marağını gizlətmir.
Məni vəkil Aslan İsmaylovun mövqeyi bir qədər təəccübləndirdi. Aslan bəy həm böyük təcrübəyə malik vəkil, həm də çox məlumatlı adamdır. Ona görə də bütün yuxarıda sadalananları məndən daha yaxşı bilir…
Amma Vəkillər Kollegiyasının Sədri Anar Bağırov məni heç təəccübləndirmədi. Cənab Sadıxovun ya ofisindən, ya da evindən torbalarla sənədlərin aparılmasının videogörüntülərini hamı gördü, amna o görmədi. Və iddia etdi ki, vəkil həmkarı ilə bağlı heç bir axtarış faktı olmayıb. Bravo!!!