Ədliyyə Nazirliyi həbsdəki jurnalistin azadlığına qarşı çıxdı - PENİTENSİAR XİDMƏT ƏZİZ ORUCOVLA BAĞLI MÜSBƏT RƏY VERSƏ DƏ O, HƏBSDƏ QALDI

  • By admin
  • 25 Sentyabr 2025 14:59
Bugün Kanal-13 İnternet TV-nin Bakı Bürosunun rəhbəri Əziz Orucovun vaxtından əvvəl azad edilməsi üçün vəkilinin müraciətinə əsasən məhkəmə keçirilib.
Bu barədə Gununsesi.info-ya danışan jurnalistin vəkili Bəhruz Bayramov bildirib ki, məhkəmə vəsatəti təmin etməyib.
Vəkilin sözlərinə görə, Əziz Orucovun azadlığa çıxmasına 2 ay zaman qalır: “Biz qanunvericiliyin tələbinə uyğun olaraq, 16 saylı Cəzacəkmə Müəsisəsində saxlanılan Əziz Orucovun vaxtından əvvəl azad edilməsi üçün Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdik.
Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi də Əziz Orucov barəsində  müsbət rəy vermişdi. Həmin rəydə onun müəssisə qaydalarına tam riayət etdiyi vurğulanıb.
Həmçinin, bilirsiniz ki, Əziz uzun müddətdir  ki, Müalicə Müəssisəsində davamlı nevroloji müalicə alır. 
Ancaq Ədliyyə Nazirliyinin tabeçiliyindəki komissiyanın mənfi mülahizəsi əsasında məhkəmə Orucovun vaxtından əvvəl azad olunmasını təmin etmədi”.
Jurnalistin xanımı Lamiyə Çerpanova isə deyib ki, bu qərar Ədliyyə Nazirliyi ilə Penitensiar Xidmət arasında baş verən daxili münaqişənin bir daha üzə çıxmasıdır: “Cəzaçəkmə Müəssisəsi tanıdığı məhkuma müsbət rəy  verir, ancaq Ədliyyə Nazirliyi tanımadığı məhkuma mənfi mülahizə verir. Öz fikri, müstəqil iradəsi olmayan hakimlər isə Əzizi azadlığa buraxmadı”.
Afət
Gununsesi.info