Faizsiz borc götürmək mümkün deyil -Əli Əhmədov

  • By Günel
  • 11 Avqust 2025 10:24

Azərbaycanda insanlar faizsiz borcu necə əldə edə bilər? Bunun üçün nə lazımdır? Hər hansı bir problem, maneə yaranmır ki? Ümumiyyətlə bu nə dərəcədə mümkündür?

 Məsələ ilə bağlı  Gununsesi.info -ya açıqlamasında iqtisadçı ekspert Əli Əhmədov bildirib ki, faizlərin hesablanması üçün bir güzəşt müddəti olur:

“Faizsiz borc götürmək mümkün deyil. Pul varsa, onun dəyəri də var. Pulu alıb qaytarırıqsa, o borcun dəyəri var. Onun dəyəri də faizlə ölçülür. Faizsiz borcu ancaq yaxın adamlar bir-birinə verə bilərlər. Hansısa kredit təşkilatından faizsiz borc götürmək mümkünsüzdür. Sadəcə bəzi hallarda faizlərin hesablanması üçün bir güzəşt müddəti olur. O müddəti isə banklar qoyur. Adam öz pullarını düzgün idarə edəndə, həmin o müddəti keçməmək şərti ilə vəsaiti qaytarır, sonra yenidən götürür. Orda çox cüzi komissiya haqları tutulur. Yəni bu formada faizsiz borc ola bilər. Amma başqa cür faizsiz borc mümkün deyil, çünki borc verən tərəfin yeganə məqsədi gəlir əldə etməkdir. Gəlir də borcun əsas məbləğindən, əlavə ödənilən faizlərdir. Əgər faizsiz borc biznes məqsədilə verilibsə, bu təbiətən mümkün deyil”.

Əli Əhmədovun sözlərinə görə, əgər vətəndaş faizsiz olaraq borcu qaytara bilirsə, deməli faizi də qaytara bilər:

“Ödənişin az olması üçün faizsiz borc lazımdırsa, tutaq ki, adam 1000 manat pul götürür, geriyə 1200 yox, yaxud 1150 yox, qaytarsın elə 1000 manat. Burda heç nə dəyişmir. Bir adam kredit qabiliyyətlidirsə, kredit götürmək imkanı varsa, ödəniş imkanı varsa, onun üçün bu məbləğ o qədər də rol oynamır. Çünki müəyyən hesablamalar var. Məsələn: 1000 manat kredit götürmüsənsə, effektiv faiz dərəcəsi deyilən bir faiz var, real olaraq adam nə qədər artıq pul ödəyir? Aybaay ödənilən məbləğ ilin axırında gəlir, tutaq ki, 1180 manat, 1200 manat olur. Əlavə ödənilən 180 manatı 12 aya böləndə  ayda cəmi 15 manat edir. Təsəvvür edin, ayda 100 manat ödəyə bilən  bir adam ayda 115 manat da dəyə bilər. Bu kiçik məbləğdir. Yəqin ki, istehlak kreditlərini nəzərdə tuturuq. Çünki sahibkarlar faizsiz kreditlərin mümkün olmadığını bilirlər. Ümumiyyətlə faizsiz kredit götürmək mümkün deyil. Ancaq güzəşt müddətlərindən istifadə edib cüzi komissiya haqları ilə vəziyyəti idarə etmək olar. Əgər adam faizsiz olaraq borcu qaytara bilirsə, deməli faizi də qaytara bilər. Orda problem olmamalıdır. Faiz yüksəkdirsə, yaxşı axtarıb seçim edə bilər. Bu artıq başqa məsələdir”.

 

Günel Həsənova

Gununsesi.info