Kəlbəcər yaylaqlarına giriş niyə qadağan edilib? - HƏRBÇİLƏRDƏN NARAZILIQ VAR

  • By admin
  • 27 Avqust 2025 09:49

Kəlbəcər yaylaqlarına köç edən fermerlərlə burada xidmət keçən hərbçilər arasında növbəti dəfə qarşıdurma yaranıb.

Gununsesi.info-nun xəbərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin ayırdığı örüş-otlaq sahələrinə mal-qaralarını otaran  fermerlərə  hərbi hissənin tabor komandiri Seymur Şahquliyev problem yaradır, hərbçiləri onların üzərinə göndərir.

Fermerlər bildirir ki, onlar və ailə üzvlərinin qarşısı tez-tez hərbçilər tətəfindən kəsilir və süni maneələr yaradılır.

“Ermənistanla sərhədə qədər bir neçə kilometr məsafə var. Amma Seymur Şahquliyev istədiyi zaman bizi yuxarı buraxır, istəmədiyi zaman isə buraxmır. Hətta bir neçə gün əvvəl fermerlərlə qarşıdurma zamanı bir nəfər özünü yandırmağa cəhd etdi. Biz Müdafiə Nazirliyi rəhbərliyindən bu vəziyyəti araşdırmasını və tabor komandirinin bu hərəkətlərinə görə ölçü götürülməsini xahiş edirik” deyə fermerlər əlavə edib ki, həmin sahələr cəbhə xəttinə yaxın olsaydı, nazirlik ərazini onlara ayırmazdı.

Fermerlərin  sözlərinə görə, onlara ayrılmış sahələrdən də xeyli uzaqlarda başqa fermerlər yerləşdirilib.

Qeyd edək ki, adıçəkilən ərazi Kəlbəcərin Zar kəndinin yuxarı hissəsində yerləşir. Oradakı fermerlerin əksəriyyəti də elə Zar kəndinin sakinləridir.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin də mövqeyini işıqlandırmağa hazırıq.

 

Gununsesi.info