
Çində yaşlı valideynlərini atan şəxslər işə qəbul olunmur, banklar onlara kredit vermir, təqaüd isə ümumiyyətlə verilmir.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan dinşünas Tural İrfan bildirib ki, bu çox ədalətli qanundur və Azərbaycanda da tətbiq olunması faydalı olardı:
“Valideynlərinə yararsız olan nankor övlad vətəninə necə yaraya bilər? Xəbəri oxudum. Bu çox gözəl və ədalətli qanundur. Əslində belə bir qanunun ölkəmizdə qəbul edilməsi və tətbiqi vacibdir. Çünki bizdə də kifayət qədər nankor övlad var ki, valideynlərini incidirlər, evlərini əllərindən alırlar, qocalar evinə yerləşdirirlər.”
Tural İrfan vurğulayıb ki, Qurana görə övlad valideyninə “uf” belə deməməlidir:
“Peyğəmbər (s.ə.s) buyurub ki, əgər Allahdan başqasına səcdə edilməsinə icazə verilsəydi, mən övladlara atalarına səcdə etməyi əmr edərdim. Ana haqqında isə deyib ki, ‘Cənnət anaların ayaqları altındadır’. Amma təəssüf ki, pis vərdişlərə qurşanıb anasını dilənçiliyə məcbur edən, atasını çörək üçün zibil qutusuna sarı aparan, xaricə qaçıb dövlət əleyhinə söyüş kampaniyası aparan kifayət qədər naxələf ‘övlad’ var. Yaşlı insan uşaq kimidir, mələk kimidir. Onu ahıl və çarəsiz çağında tərk edən övlad ən qatı terrorçudan daha qəddardır. Beləsi şübhəsiz ki, dövlətinə, xalqına da xəyanət edəcək.”
Onun sözlərinə görə, yaşlı valideynlərinə sahib çıxmayanlara qarşı qanuni məhdudiyyətlər müəyyənləşdirilməlidir:
“Belə insanlara kredit verilməsin, dövlət işinə qəbul edilməsin, ictimai və mədəni tədbirlərdə iştirakına icazə verilməsin. Çünki öz ata-anasına sahib çıxmayan biri məmur olub xalqın atası-analarına necə qayğı göstərə bilər? Ona görə hesab edirəm ki, bizdə də Çində olduğu kimi valideynlərinə baxmayan nankor övladlar barədə xüsusi qanun qəbul edilməlidir.”
Şəbnəm