Qadın sahibkarların iqlim dayanıqlığındakı rolu -FOTO

  • By Admin08
  • 12 Sentyabr 2025 20:04

Azərbaycanda qadın sahibkarların iqlim dayanıqlığındakı rolu və fəaliyyəti ilə bağlı “She Builds Green” adlı konfrans keçirilib.

 

Gununsesi.info xəbər verir ki, Sustainable Transitions Consulting şirkətinin həmtəsisçiləri, Gender və Ətraf Mühit məsələləri üzrə ekspertlər  Şəms Mustafayeva və Xalisə Şahverdiyeva  qadın sahibkarların iqlim fəaliyyətindəki potensialını necə nümayiş etdirmələrindən və ətraf mühit problemlərinin həllindəki əhəmiyyətli rolundan danışıblar.

Su, enerji və dayanıqlılıq üzrə beynəlxalq ekspert  Cinin Miçelin (Jeanene Mitchell) onlayn çıxış edərək deyib ki, qadın sahibkarlar təkcə iqtisadi yox, həmçinin sosial və ekoloji baxımdan iqlim davamlılığı üçün güclü qüvvə ola bilərlər.

O, Bakıda keçirilən COP29-dakı təcrübəsinə istinad edərək, üç əsas imkanı vurğulab: yerli biliklərdən istifadə etməklə ekoloji həllərin hazırlanması, “İqlim dəyişiklikləri üzrə Qadın Lider Şəbəkəsi” təşəbbüslərinin dəstəklənməsi və sahibkar qadınların bilik və bacarıqlarının artırılması.

Konfransın ekspert panelində iqlim dayanıqlığı alətləri və davamlı biznes strategiyaları müzakirə edilib. Sahibkar qadınlar panelində isə sosial müəssisə, üzvi əkinçilik, sağlam qida istehsalı və arıçılıq sahələrində fəaliyyət göstərən uğurlu qadın sahibkarlar öz təcrübələrini bölüşüblər.

Konfransda paytaxt Bakı və regionlardan 60-dən çox sahibkar qadın iştirak edib.

Sonda Azərbaycanda İqlim dəyişiklikləri üzrə “Qadın Lider Şəbəkəsi” təşəbbüsü dəstəklənib.

 

Gununsesi.info