Stres sağlamlığınızı ciddi şəkildə poza bilər. O, baş və mədə ağrılarına, yuxusuzluğa səbəb ola bilər və həmçinin yemək vərdişlərinizi də dəyişdirə bilər.
Stresli olduğumuz zaman əlimiz çox vaxt şokolada və ya pizzaya uzanır, bəzən isə heç nə yemirik.
Bəs stres iştahamıza niyə təsir edir və bunun qarşısını almaq üçün nə edə bilərik?
Stres nədir?
ABŞ-dakı Yale Universitetinin Fənlərarası Stres Mərkəzinin qurucusu, klinik psixoloq professor Rajita Sinha belə izah edir: “Stres, bir vəziyyətin öhdəsindən gələ bilmədiyinizi hiss etdiyiniz, sizi çox sıxan çətin hallara bədənin və zehnin verdiyi reaksiyadır”.
Sinha bildirir ki, bu “xəbərdarlıq sistemi” bədənimizdəki hər bir hüceyrəni hərəkətə gətirir, nəbzi və təzyiqi artırmaq üçün adrenalin və kortizol kimi hormonların ifrazını hərəkətə gətirir.
Qısamüddətli stres bəzən faydalı ola bilər, məsələn, sizi təhlükədən qaçmağa və ya bir işi son tarixə qədər bitirməyə motivasiya edir.













