close

Belarusa göndərilmiş 50-dən çox ukraynalı uşaq identifikasiya olunub 

Foto: Meydan TV

“Rejim ilin sonunadək 3 minə yaxın uşağı Belarus ərazisinə aparmağı planlaşdırır”

“Euroradio”nun materialı

Ukraynanın Rusiya Federasiyası tərəfindən işğal olunmuş ərazisindən 50-dən çox ukraynalı yetim uşağın qeyri-qanuni şəkildə Belarus ərazisinə göndərildiyi identifikasiya olunub. Bu barədə Avropa radiosuna şərhində Böhran Əleyhinə Xalq İdarəsinin rəhbəri Pavel Latuşko bəyan edib.  

“Bizdə olan məlumata görə, Ukraynanın, ən azı, 15 şəhərindən uşaqları çıxarırlar, – Latuşko deyir. – Belarus ərazisindəki beş uşaq mərkəzinə göndərilir. Rejim ilin sonunadək 3 minə yaxın uşağı Belarus ərazisinə aparmağı planlaşdırır”.     

Böhran Əleyhinə Xalq İdarəsinin məlumatına görə, 2022-ci ilin sentyabrından 2023-cü ilin mayınadək Ukraynadan Belarusa artıq 2100-dən artıq uşaq aparılıb, ümumi rəqəmsə 3 min təşkil edə bilər.  

Hərbi cinayətlə – “ukraynalı uşaqların sistemli şəkildə çıxarılması” – ittiham olunmaq Aleksandr Lukaşenkonu çox narahat edir. Belarus prezidenti Haaqanın Beynəlxalq Cinayət Məhkəməsinə çağırılmasını istəmir, diplomatları isə onun günahsızlığını sübuta yetirməyə çalışırlar. 

Haaqa Beynəlxal Cinayət Məhkəməsi mart ayında Rusiya prezidentinin, həmçinin RF-nin uşaq hüquqları üzrə səlahiyyətlisi Mariya Lvova-Belovanın həbsi barədə order verib. Onların hər ikisi hərbi cinayətə – ukraynalı uşaqların qeyri-qanuni şəkildə deportasiyasına görə məsuliyyət daşıyır. Avropa Şurasının Parlament Assambleyası ukraynalı uşaqların Rusiyaya məcburi deportasiyasını soyqırım kimi tanıyıb. Həmçinin Lukaşenko və onun rejimi bu cinayətdə əlbir kimi tanınıb. Belə olan halda Avropa Parlamenti Beynəlxalq Cinayət Məhkəməsini Lukaşenkonun da həbs olunması üçün order verilməsini nəzərdən keçirməsinə çağırır.   

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə Beynəlxalq Cinayət Məhkəməsini Belarus Qırmızı Xaç Komitəsinin Baş katibi Dmitri Şevçovun həbs olunması üçün order verməyə çağırır. Belə ki, bu şəxs Ukraynanın işğal olunmuş rayonlarından uşaqların qeyri-qanuni şəkildə deportasiya olunduğunu etiraf edib.  

Ana səhifəDünyaBelarusa göndərilmiş 50-dən çox ukraynalı uşaq identifikasiya olunub