close

Niderland və Danimarka Ukraynaya qırıcı təyyarələr verir

Foto: Reuters

Ukrayna həmin qırıcılardan yalnız öz ölkəsində istifadə edə bilər

Avqustun 20-də Niderland və Danimarka F-16 qırıcılarını Ukraynaya təhvil vermək qərarını açıqlayıb. Ukraynalı pilotlar və mühəndislər artıq bu təyyarələrdən istifadə qaydalarını öyrənməyə başlayıblar.

Ukrayna Prezidenti Vladimir Zelenski bu barədə “Telegram”-da paylaşım edib.

Məlumata görə, Danimarka gələn ilə qədər ilk F-16-ları Ukraynaya təhvil verməyi planlaşdırır.
Danimarkanın müdafiə naziri Yakob Ellemann-Jesen deyib ki, ölkəsi və Niderlandın verdiyi F-16 qırıcı təyyarələrini Ukrayna yalnız öz ərazisində istifadə edə bilər.

Nazir bildirib ki, bu texnika Kiyevə yalnız düşməni Ukrayna ərazisindən sıxışdırmaq üçün verilir.

Razılaşmaya əsasən, Danimarka 19, Niderland isə Ukraynaya 42 “F-16” qırıcı təyyarəsi verəcək.

Vladimir Zelenski Niderlandın Baş naziri Mark Ryutte ilə görüşdə bu barədə razılıq əldə olunduğunu qeyd edib:

Təyyarələr Ukrayna pilotları və mühəndisləri təlimlər keçdikdən sonra təqdim olunacaq”.

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko isə bildirib ki, Qərb ölkələri Ukraynaya F-16 qırıcıları tədarük etsələr, “böyük risklər”lə üzləşəcəklər.

“Biz görürük ki, Qərb ölkələri hələ də eskalasiya ssenarisinə sadiqdirlər. Bu, özləri üçün böyük risklər daşıyır”, – deyə Qruşko əlavə edib.

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü polkovnik Yuri İqnat “Espreso TV”-yə deyib ki, Kiyev F-16 qırıcılarını yerləşdirdikdən sonra müharibədə qalib gələcəklər:

“Çünki onlar zenit raketlərinin əhatə dairəsindən kənar ərazilərdə müdafiə mühafizəsi təmin edə bilirdilər. Bizim hava hücumundan müdafiəmizin ayrılmaz hissəsi olmaq üçün F-16-lara ehtiyacımız var. Bu qırıcılar həm yüksək, həm də aşağı hündürlükdən hava hədəflərini vura bilir. F-16-lardan istifadə etməklə bizim quru qoşunlarımız düşmən komandanlıq məntəqələrini, hərbi qruplaşmalarını və logistik təchizat zəncirlərini hədəfə alaraq işğal altındakı Ukrayna ərazilərini sürətlə azad edə biləcək”.

Tarixçə

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”
Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ana səhifəSiyasətNiderland və Danimarka Ukraynaya qırıcı təyyarələr verir