close

Taksi sürücüsü: “Bu hökumət övlad yanında valideyni utandırır”

Azərbaycanda taksi qiymətləri artırıla bilər. Bunu iyunun 12-də “Avtomobil nəqliyyatı haqqında” qanunun müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib. Nazir deyib ki, dünyanın heç bir yerində Azərbaycandakı qədər ucuz taksi xidməti yoxdur.

Sürücülər ölkədə fəaliyyət göstərən taksi şirkətlərinin bazarı nəzərə almadan ucuz xidmət təklif etdiyini deyir.

Müstəqil taksi xidməti göstərib bəzən saatlarla müştəri gözləyən sürücülər də bunun taksi şirkətlərində çalışmaqdan daha sərfəli olduğunu deyir.

Bu il mayın 3-dən “PASHA Holding” Azərbaycanın “taksi bazarı”na da daxil olub. Elə bundan sonra taksilərlə bağlı məsələ rəsmi səviyyədə gündəmə gəlib.

Holdinqin “Umico” brendi (Competo MMC) Ukraynaının “Uklon” taksi şirkəti ilə əməkdaşlığa başlayıb.

Yeni şirkət sürücüləri cəlb etmək üçün bonuslar təklif edir.

Qanundakı tənzimləmələr taksi fəaliyyəti ilə bağlı yeni qaydalar gətirir. Dəyişikliyə görə, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün 3 min rüsum ödənilməlidir. Taksi sifarişi operatorları tələbləri pozduqda müxtəlif cərimələr tətbiq olunacaq. İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər iyirmi min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə ediləcək. İqtisadçı Toğrul Maşallı hesab edir ki, yeni dəyişikliklər də sürücülərin hüquqlarını qorumayacaq.

İqtisadçı düşünür ki, Uber, Bolt kimi ucuz xidmət təklif edən şirkətlər Azərbaycan bazarında mövqelərini daha da möhkəmləndirmək istəsələr, qiymətlərin aşağı qalmasına çalışacaqlar.

“Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklər birinci oxunuşdan keçib.

Qanun qəbul ediləcəyi halda 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

Ana səhifəVideoTaksi sürücüsü: “Bu hökumət övlad yanında valideyni utandırır”