Sıra ona da gəlib çatdı. Gözəl xanıma. Həbsi gözlənilməz deyildi. Bunu hamımız bilirdik. Onun siyasi fəaliyyətini izləyənlər, yazdıqlarını oxuyanlar, çıxışlarına qulaq asanlar bunun baş verəcəyini gözləyirdilər. Həbsinə təəssüflənənlər, “başını kötüyə qoydu” deyib vaysınanlar da var. Ən çox üzülənlərdən biri də mənəm, gizlətmirəm. Amma… Axır bir gün insanlığın və ədalətin qazanması üçün kimlərsə zalımın üstünə getməli deyilmi? Haqsız düzənin dəyişməsi üçün kimlərsə cəsarət göstərib zülmə “dur” deməli deyilmi? Bunu kimsə etməlidir, hökmən etməlidir. Necə ki, Gözəl Bayramlı etdi. Necə ki, 1955-ci ildə Alabamada qaradərili bir dərzi qadın etmişdi. 42 yaşlı Roza Parks. İnsanlar çox zaman yan-yörəsində, çevrəsində savaş verən qəhrəmanları görmür. Onların fədakar həyatı, itkiləri, qurbanları, məhrumiyyətləri görməzliyə vurulur eləcə. Parksın hekayətini ona görə anladacağam ki, burnunuzun düz ucunda tarixi dəyişəcək qəhrəmanlıq dastanları yazan Gözəllərə diqqət edəsiniz. Zamanında qaradərili Roza da öz hekayəsini belə yazmışdı…Axşam saat 6-da işdən çıxıb, yorğun halda avtobusa mindi. Bələdiyyə avtobusunun ortasında ona “aid olmayan” yerlərin birində oturdu. Qaradərililərin oturması yasaq sayılan yerdə. Amma o gün qaydaları bilərəkdən pozdu. Bundan əvvəl də Parks avtobusa eyni qaydada minmişdi. Ancaq James Blake adlı sürücü enib arxa qapıdan minməsini istəmişdi. Avtobusdan enən Parks sonrakı avtobusu gözləməyə başlamışdı. Bir daha da Blakin avtobusuna minməmişdi. Lakin o gün çox yorğun idi və sürücünün də Blake olduğunu fərq etməmişdi. Blake gəldi, ona “qalx” dedi əl işarəsi ilə. Roza qalxmadı. Blake “nədən qalxmırsan?” deyə bağırınca, “çünki qalxıb yerimi bir başqasına verməm lazım olduğuna inanmıram” dedi.
Parks o gün qanuna qarşı çıxma səbəbini sonralar belə izah edəcəkdi: ” İnsanlar o gün çox yorğun olduğum üçün qalxmağı rədd etdiyimi söyləyirlər. Doğru, yorğundum, amma səbəb bu deyildi. İşin yorğunluğu deyildi bu. Davamlı haqsızlığa uğramaqdan və bunu qəbul etməkdən yorğundum.” Sürücü avtobusu dayandırdı və polis çağırdı. Roza həbs olundu. O, axşam bir yoldaşının 100 dollar zəmanət ödəməsi müqabilində sərbəst buraxıldı. Bu hadisənin əks-sədası böyük bir hərəkata təkan verdi. Martin Lüther Kinqin liderliyi ilə şəhərin qaradərili əhalisi 381 gün avtobuslara minmədi. ‘’Kimsə bardağın daşması qaydasını bilmədən Roza Parksın etirazını anlaya bilməz. An gəlir, insan “artıq yetər” deyir”-yazırdı sonralar Lüther Kinq. Çox keçmədi, onların mübarizəsi qalib gəldi. Roza Parks gözəl günləri doya-doya yaşadı. 2005-ci ildə 92 yaşında vəfat etdi.
İndi…Bəlkə, kimlərinsə vecinə deyil bu məmləkətdə haqq mübarizəsi aparanların yaşadıqları. Bəlkə, çoxları üçün Gözəl xanımların davası heç önəmli də deyil. Bəlkə, hələ də “dilini dinc saxlasaydı” düşüncəsi var əhatə olunduğumuz adamların arasında. Amma tarixin tərs gedişini kimlərsə durdurmalıdır bir məqamda. Kimlərsə ağırlığı çiyninə çəkib çarxı düzünə çevirməlidir günlərin birində. Kimlərsə bu başıpozuq, bərbad düzəni idarə edən mexanizmin əyləcini dartıb saxlamalıdır, nəhayət. Kimlərsə həyatımıza ədalət və hüzur gəlməsi üçün irəli çıxmalı, fədakarlıq etməli, qurbanlar verməlidir. Gözəl xanım məhz buna görə özünü fəda etdi, biləsiniz. Gözəl xanım ölkə insanının insan yerinə qoyulmaması həqarətinə dözmədiyi üçün amansız şərin üstünə yeridi. Şərlənəcəyini, iftiraya uğrayacağını bilə-bilə getdi zalımların üzərinə. Gözəl xanım sizin balalarınızın gözəl sabahlara oyanması üçün o qaranlıq məhbəsdə yatmaq məhrumiyyətini qəbul etdi. Sizin də oyanıb taleyinizə sahib çıxmanız üçün etdi bütün bunları. “An gələr, insan “artıq yetər” deyər!”- düşüncəsiylə etdi. Nəhayət, anlasanız!
Oxunub: 392