İqtisadçı Nemət Əliyev Beynəlxalq Bankın vəziyyətinin heç də acınacaqlı olmadığı ilə bağlı bir sıra strukturların gətirdiyi arqumentlərə münasibət bildirib. N.Əliyev facebook səhifəsində paylaşdığı statusda bu məsələyə toxunub: “Maliyyə Nazirliyi Beynəlxalq Bankın defolt vəziyyətə düşməsinin əsas səbəbinin devalvasiya ilə bağlı olmasına dair fikirlərin genişlənməsindən narahat olmağa başlayıb. Elə bu üzdən də nazirlik tövsiyyə edib ki, Beynəlxalq Bankla bağlı xəbərlərdə rəsmi məlumatlara istinad edək.
Bu nazirlik hələ də anlamayıb ki, onların verdiyi izahlar lap çoxdan mötəbərliyini itirib. Məhz bu səbəbdən açıqladıqları şərhlər Biləcəridən o yana keçmir.
Maliyyə Nazirliyinin tövsiyyə etdiyi izahata görə Beynəlxalq Bankın defolt vəziyyətə düşməsinin əsas səbəbi, heç demə bəzi adamların cinayətkar əməlləriymiş və burada devalvasiyanın təsiri azdır. Nazirlik istəyir ki, biz də belə düşünək və bununla kifayətlənək. Amma və lakin ortada, gözümüzün qarşısında baş verənlər bunu mümkünsüz edir.
Bəyəm 2015-ci ildə hökumətin qəbul etdiyi iki böyük devalvasiya qərarının ölkənin bütün bank, maliyyə sistemini yıxmasından, əhalini və müəssisələri var-yoxdan çıxarmasından xəbər tutmayan qalıb? Bankların kreditləşməni dayandırmaqla əsas fəaliyyətdən məhrum olmasının başlıca səbəbi manatın kəskin dəyər itirməsi deyil, bəs nədir? Manat digər valyutalara nəzərən kəskin dəyər itirdi ki, hamının gözündən düşdü və elə bu səbəbdən minlərlə əmanətçilər banklara kütləvi axın edərək milli valyuta ilə saxladıqları əmanətləri xarici valyutaya çevirdilər. Az sonrakı mərhələdə daha betəri baş verdi: banklara inam itdi. Bu səbəbdən əmanətçilər və maliyyə təşkilatları “dollarla” saxladıqları depozitləri də bank sistemindən çıxarmağa başladı. Beləliklə banklar böyük maliyyə resurslarından məhrum oldu. Məhz devalvasiyanın törətdiyi fəsadlarıydı ki, Mərkəzi Bankın valyuta ehtiyyatlarının 73%-dən çoxu az müddətdə itkiyə verildi, əldən çıxdı. Ardınca da banklar iflas elan edilərək bağlandı və sairə…
Bütün bu baş verənlər, əlbəttə, əmanət və depozitlərin, bank aktivlərinin əsas hissəsini öz əlində cəmləşdirmiş Beynəlxalq Bankı daha çox hədəfə gətirməliydi və gətirdi də.
Odur ki, Beynəlxalq Bankın çökməsində devalvasiyanın və yarıtmaz siyasətin rolunun arxa plana ötürülməsi fikri qətiyyən doğru deyil və bütün baş verənlərin əsas səbəbini bəzi adamların cinayət əməlləri ilə əlaqələndirmək yolverilməzdir. Bu qədər asanlıqla ötüşmək, məsuliyyətdən yaxa qurtarmaq əsla mümkün deyil.
Əlbəttə, Beynəlxalq Bankın bu kökə düşməsində cinayətkar fəaliyyətin varlığını inkar etmək mümkün deyil və bankın müşahidə şurasına rəhbərllik edən Maliyyə Nazirliyində oturan vəzifəli şəxslərin burada ayrıca, həm də daha böyük payı var. Amma Beynəlxalq Bankın defolt vəziyyətə gəlməsində yarıtmaz iqtisadi-bank siyasətinin, iki böyük devalvasiya qərarının rolu daha çoxdur. Bu həqiqətdir.
Bütün bu həqiqətlərdən hətta sadəlövh insanlar da xəbər tuta bilib. Hətta Qazaxıstanın maliyyə naziri də burada baş verənlərin təfərrüatına varıb, həqiqətləri görüb. Elə isə bizim maliyyə nazirliyi niyə bu həqiqətləri görmək istəmir? Daha düşündürücü olanı budur ki, axı maliyyə-bank sistemində baş verənlər arasında gerçək səbəb-nəticə əlaqələrini görməkdə bu dərəcədə çətinlik çəkən adamlara ölkənin maliyyə siyasəti niyə etibar edilib?”.
azadliq.info
Oxunub: 226