Hilal Məmmədov saat 17:00-a yaxın DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən buraxılıb.
O, ”Turan”-a bildirib ki, sahə polis müvəkkili saat 11:00-da onun yanına gələrək bildirib ki, onu Bakı Baş Polis İdarəsinə çağırırlar. Ancaq o, H.Məmmədovu aldadaraq BMCQMİ-yə aparıb.
Öncə onu gənc əməkdaş dindirib və fevralda ölkədən qaçmış Şahin Mirzəli ilə çəkilmiş kollektiv fotonu göstərib:
“O, gözlüklü bir nəfəri göstərərək onun mən olub-olmadığını soruşdu. Mən cavab verdim ki, xeyr. Sonra məndən fotodakı digər adamlar barədə soruşdular”, – H.Məmmədov qeyd edib.
O deyib ki, heç zaman Ş.Mirzəli ilə tanış olmayıb. Polis özü fotodakıların kim olduğunu aydınlaşdıra bilər və bundan ötrü onu BMCQMİ-yə aparmağa gərək yox idi.
Sonra H.Məmmədovu hansısa rəsisin yanına aparıblar. O, “Tolışi sado” qəzeti haqda soruşub.
“Talış dilində qəzet dərc etdirmək nəyə lazımdır? Əgər hər kəs öz dilində qəzet dərc etdirsə onda nə olar?”, – özünü təqdim etməyən rəis deyib.
Öz növbəsində H.Məmmədov deyib ki, polisin qəzet nəşrilə bağlı heç bir iradı ola bilməz. Bu, Ədliyyə Nazirliyinin səlahiyyətinə aiddir. Eyni zamanda, o qeyd edib ki, Azərbaycan Konstitusiyası hər millətin öz dilinin və mədəniyyətinin inkişafına zəmanət verir.
***
“Tolışi sado” qəzetinin baş redaktoru Hilal Məmmədov saxlanılıb.
Onun qardaşı Səbahəddin Məmmədov Turan-a bildirib ki, saat 11:30-a yaxın sahə polis mükəkkili Hilalın yanına gələrək məhkum olunmuşlarla profilaktik söhbət məqsədilə onun ofisinə getməsini xahiş edib.
Sonradan Hilal evə telefon edərək “Gənclik” metro stansiyası yaxınlığındakı idarəyə aparıldığını bildirib. DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi həmin ərazidə yerləşir.
Eyni zamanda məlum olub ki, Masallı Rayonu Talış Mədəniyyət Mərkəzinin fəalı Fərid Abbasov Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bu barədə Turan-a “Tolışon sado” qəzetinin baş redaktoru, Talış Mədəniyyət Mərkəzinin rəhbəri Rafiq Cəlilov bildirib.
O güman edir ki, F.Abbasovu bu ilin qışında Ermənistana qaçmış Şahin Mirzəliyevin işi üzrə şahid ifadəsi vermək üçün aparıblar.
R.Cəlilov deyib ki, mayın 26-da onun özünü də sərhəddə saxlayıblar və prokurorluğa apararaq bu iş üzrə şahid kimi dindiriblər.
O, hüquq-mühafizə orqanlarının məcburi tədbirlərindən təəccübləndiyini bildirib. “Bizi çağıra bilərdilər və biz de gedib ifadə verərdik”, – R.Cəlilov vurğulayıb.
Oxunub: 772