Qonşu ölkə yalnız son 5 ayda bu sahə hesabına 100 milyon dollar qazanıb
Üzümçülüyün inkişafı istiqamətində Azərbaycanın böyük potensialı olduğu halda, təəssüflər olsun ki, indiki hakimiyyət bütün imkanları əldən vermişdir. Ölkə 1994-cü ildə 14, 6 milyon dollar dəyərində 4,9 milyon dekalitr üzüm şərabı ixrac etdiyi halda, 20 il keçdikdən sonra bu göstərici 75 dəfə azalaraq 194 min dekalitrə qədər enmişdir. Ölkəyə bu sahədən gələn gəlir isə 4 dəfə azalamışdır. Bu zaman ərzində şərab idxalı isə 3 dəfədən çox artmışdır. Belə ki, 1994-cü ildə ölkəyə 350 min dollar dəyərində şərab idxal olunduğu halda, 2015-ci ildə idxal olunan şərabın dəyəri 1 milyon 140 min dollar təşkil etmişdir.
Gürcüstan hökuməti isə uzun müddət üzümçülüyün inkişafı istiqamətində apardığı siyasət öz bəhrəsini verir. Belə ki, bir müddət ciddi istehsal və bazar problemləri ilə qarşılaşan şərab istehsalçıların problemlərini həll etmək üçün hökumət əsaslı işlər görmüşdür. Gürcüstana qərb investorlarını, mütəxəssisləri cəlb etməklə, ölkədə muasir texnologiyanın tətbiqinə və daha keyfiyyətli məhsul istehsalına nail oldular. Mütəxəssislərin, investorların köməyi ilə həm də yeni bazarlara çıxış imkanı əldə etdilər.
Gürcüstan hökumətinin verdiyi məlumata görə, bu ilin yanvar-may ayları ərzində ölkə 100,8 milyon dollar dəyərində şərab, brendi və çaçi ixrac etmişdir. Bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 64 faiz çox olmuşdur. Son zamanlar ənənəvi Rusiya, Qazaxıstan, Ukraynaya, Belarus, Latviya kimi ölkələrin bazarları ilə yanaşı, gürcülər Çin, Polşa, İsrail, Almaniya, ABŞ kimi ölkələrin də bazarlarına çıxış imkanı əldə etmişlər. Bu siyahıda Azərbaycanın da adı var. Keçən ilin yanvar-may ayları ilə müqayisədə bu il Gürcüstandan Azərbaycana ixrac olunan spirtli içkilərin miqdarı 2 dəfə artmışdır.
Oxunub: 424