Bu gün Fransada yerli vaxtla saat 8:00-da başlayan parlament seçkilərinə səsvermə axşam saat 18:00–da, böyük şəhərlərdə isə saat 20:00-da başa çatacaq.
Parlament seçkilərinin 2-ci turunda 47 milyon seçici 1146 namizəd arasından aşağı palatanın 573 deputatını seçəcək. Seçkilərin 1-ci turunda Milli Assambleyanın 4 deputatı 50 faizdən çox səs toplayaraq artıq deputat mandatını əldə edib.
İyunun 17-də saat fərqi nəzərə alınaraq Fransanın dənizaşırı departament və ərazilərində seçkilər başa çatıb. Ancaq seçkilərin ümumi nəticələri bu gün yerli vaxtla saat 20:00-da elan ediləcək.
Parlament seçkilərini 2-ci turu ərəfəsində “Le Point” üçün Odoxa Dentsu Consulting şirkətinin keçirdiyi rəy sorğularının nəticələrinə görə “İrəli, respublika” hərəkatı Milli Assambleyadakı 577 yerdən 430-dan 460-dək yerə, Respublikaçılar 70-dən 95-dək, Sosialistlər 25-dən 35-dək, “Fəth edilməyən Fransa” hərəkatı 8-dən 17-dək, Milli Cəbhə partiyası 1-dən 6-dək yerə sahib ola bilər.
“Les Echos” qəzeti və “Radio Classique” radiosu üçün Opinionway/Orpi şirkətinin apardığı rəy sorğularına görə isə “İrəli, respublika” hərəkatı Milli Assambleyadakı 577 yerdən 440-dan 470-dək, Respublikaçılar 70-dən 90-dək, Sosialistlər 20-dən 30-dək, “Fəth edilməyən Fransa” hərəkatı 5-dən 15-dək, Milli Cəbhə partiyası 1-dən 5-dək yerə sahib olacaq.
Aparılan rəy sorğularının nəticələrinə görə seçicilərin 53 faizinin səsvermədə iştirak etməyəcəyi güman edilir.
Qeyd edək ki, parlament seçkilərinin iyunun 11-də keçirilən 1-ci turunda 51.29 faiz seçici səsvermədə iştirak etməyib.
Oxunub: 204