Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Ənvər Qarqaş qərbli müttəfiqlərinə Qətərlə bağlı müraciət edib.
Bu barədə “The Guardian” məlumat yayıb.
Müraciət müəllifi Qərb ölkələrini monitorinq mexanizmi yaratmağa çağırıb. Həmin mexanizmin köməyilə Qətərin terrorçuluğu maliyyəşdirməkdən imtina barədə öhdəliyinə nə dərəcə əməl etdiyi müəyyənləşdiriləcək.
“Əgər biz Qətərin dəyişdiyi və radikal islamçılara maliyyəni dayandırdığı barədə dəqiq siqnallar alsaq, bu, danışıqların başlanması üçün əsas olacaq. Bunun üçün də bizə monitorinq sistemi lazımdır”, – deyə nazir Londona səfəri zamanı bildirib.
Onun sözlərinə görə, BƏƏ – Səudiyyə Ərəbistanı, Misir və Bəhreyn Qətərə inanmır: “Qətərə inamımız sıfır səviyyəsindədir. Monitorinq sistemi qurulmalı və qərbli dostlarımız orada təmsil olunmalıdır. Yalnız bu halda əmin ola bilərik ki, Qətər “Müsəlman qardaşlar”, HƏMAS və “Əl-Qaidə” kimi terrorçu qrupları maliyyələşdirmir, terrorçuları himayə etmir, ekstremistlərə sığınacaq vermir”.
Qeyd edək ki, Qətər ittihamları rədd edir və maraqlarının müdafəsi üçün ABŞ-dan hüquqşünaslar cəlb edib.
Gültəkin
Oxunub: 546