Dünən 214 ailə yeni mənzilə köçürülüb
“İşqal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir” – Heydər Əliyevdən bu sitat Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin (http://www.refugees-idps-committee.gov.az) saytında lap başda verilib. Ancaq Heydər Əliyev üçün “bir nömrəli problem” elə problem olaraq qaldı. Hər il verdiyi vədi – “bu il doğma torpaqlarınıza qayıdacaqsız” vədini də özüylə apardı.
Estafet İlham Əliyevə veriləndən sonra həmin “siyasət” “uğurla” davam etdirildi. 14 illik prezidentliyi dövründə o da həmin vədləri təkrarladı, nə torpaq azad olundu, nə də qaçqınların problemləri həllini tapdı. Əvəzində onların adın xaricdən alınan, büdcədən ayrılan milyardlar elə xaricə – ofşor zonalara ötürüldü.
İndi növbə I vitse-prezidentə – Mehriban Əliyevaya çatıb. Qaçqınların problemləri 0nun bir nömrəli probleminə çevrilib. “Xəzər rayonunun Şüvəlan qəsəbəsində yararsız binada və Xətai rayonunda yarımçıq tikilmiş binada məskunlaşmış 214 ailə Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş və tam təmirli mənzillərə dünən köçürülüb. Məhz iş adamlarının yardımı ilə bu gün 214 ailənin yaşayış şəraiti yaxşılaşacaq. Fürsətdən istifadə edərək, həmin şirkətlərə dərin minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu, çox təqdirəlayiq bir haldır. Ümidvaram ki, digər iş adamları, ölkəmizdə fəaliyyət göstərən digər biznes strukturları da gələcəkdə bu təşəbbüsə qoşulacaqlar. Bu, bizim cəmiyyətimizin birliyinin göstəricisidir, eyni zamanda, Azərbaycanın ən gözəl ənənələrindən biri olan xeyriyyəçilik ənənəsinin davamıdır” – bu sözləri Mehriban Əliyeva dünən məcburi köçkünlərə mənzil verilən tədbirdə deyib. Üstəlik, İlham Əliyevin də fəaliyyətinin xalqa xidmət olduğunu qaçqınlara bir daha bildirib: “Mən sizi əmin edirəm ki, Prezidentin bütün fəaliyyəti yalnız və yalnız Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına, ölkəmizin güclənməsinə, insanların daha yaxşı şəraitdə yaşamasına yönəlib”.
Həmin tədbirdə deyilib ki, Azərbaycan dövləti qaçqınlarla bağlı tədbirlərin icrasına 6 milyard manatdan çox vəsait ayırıb. Azərbaycanda məcburi köçkün ailələri üçün 100-dək müasir yaşayış kompleksi tikilib.
“Bizim qarşımızda duran məqsəd ilkin mərhələdə Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı, yarımçıq tikilmiş binalarda məskunlaşmış dörd min məcburi köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir. Bunun üçün bütün lazımi göstərişlər verilib, artıq tədbirlər görülür və əminəm ki, biz bu məqsədimizə nail olacağıq. Bu ilin may ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında 1026 ailəlik yeni yaşayış qəsəbəsinin təməli qoyuldu. Bu qəsəbədə bütün lazımi infrastruktur – tibb məntəqəsi, 600 şagird yerlik məktəb, uşaq bağçası inşa olunacaq. Burada artıq inşaat işləri başlayıb. Əminəm ki, işlər qısa bir zamanda başa çatdırılacaq və bu gün çox ağır vəziyyətdə yaşayan daha 1026 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq” – bunu da Mehriban Əliyeva deyib.
Qaçqınlarla bağlı növbəti kampaniya başlanıb və bu kampaniyaya sahibkarları da şərik edirlər. Lökbatanda keçirilən təməlqoyma mərasimində M.Əliyeva bunu xüsusi vurğulayıb: “…Mən çox şadam ki, bu təşəbbüsə artıq bir sıra şirkətlər qoşulub. Mən bu şirkətlərin adlarını sadalamaq istərdim – “Kristal Abşeron” 5 mənzil təmin edib, “Azercell Telekom” – 2 mənzil, “Kontakt Home” mağazalar şəbəkəsi – 1 mənzil, “Sədərək” ticarət mərkəzi – 1 mənzil, “Retro Holdinq” – 164 mənzil, “Askorp” – 1 mənzil, “Azinşaat N” – 3 mənzil, “Dərhal” MTK – 50 mənzil, “Xəzər” MTK – 2 mənzil, “Araz-2011 A” – 3 mənzil, “Vesta Konstrakşn” – 2 mənzil, “Paşa İnşaat” şirkəti təməlini qoyduğumuz yaşayış kompleksində inşa olunan – 1022 mənzil. Mən soydaşlarımızın problemlərinə biganə qalmayan, dəstək verən bu şirkətlərin rəhbərlərinə dərin minnətdarlığımı çatdırıram. Hesab edirəm ki, bu, çox yüksək qiymətə layiq olan təşəbbüsdür və fürsətdən istifadə edərək Azərbaycanda fəaliyyət göstərən digər şirkətləri, digər sahibkarları bu təşəbbüsü dəstəkləməyə və ona qatılmağa dəvət edirəm. Bu, şübhəsiz ki, Azərbaycan xalqına xas olan xeyriyyəçilik ənənələrinin davamıdır, eyni zamanda, bu, xalqımızın həmrəyliyinin, dövlətimizin gücünün və inkişafının təzahürüdür. Bizim bütün işlərimizin mərkəzində, təməlində Azərbaycan vətəndaşı durur. Bizim məqsədimiz güclü və inkişaf etmiş dövlət qurmaq, hər bir Azərbaycan vətəndaşının rahat yaşamasına nail olmaqdır.
Bir daha vurğulayaq ki, Lökbatandakı binanı “Paşa İnşaat” şirkəti tikir və sahikarlar, biznes strukturları o layihəyə dəstəyə çağırılıb.
Dünənki tədbirdə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da iştirak edib və aparılan işlərlə bağlı M.Əliyevaya hesabat verib: “Masazır qəsəbəsində “Yeni Bakı” yaşayış kompleksində 164 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub. Bundan başqa, Mehdiabad qəsəbəsindəki Binəqədi Gənclər şəhərciyində 50 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib. Mənzillər təmirlidir və mətbəx mebelləri ilə təchiz olunub. Ümumilikdə sözügedən 214 mənzil Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki “Energetika” pansionatında yararsız binada və Xətai rayonunun Gəncə prospektindəki qəzalı vəziyyətdə olan binada məskunlaşan məcburi köçkünlər üçün nəzərdə tutulub”.
Torpaq alınmasa da olar, başlıcası yaxşı mənzillərlə təmin olunmaq, rəhbərlərə tərif yağdırmaq, susmaq, etiraz etməmək, hər cür şəraiti olan mənzildə ömrü başa vurmaqdır…
azadliq.info
Oxunub: 454