Biz AXC-nin indiki AXCP-dən daha böyük, daha fərqli bir fenomen olduğunu bilirik. Biz AXC-nin hüquqi-siyasi varisi olaraq bu irsi, bu sağlam, xalqa söykənən, prinspial siyasi xətti qoruyub saxlamağa çalışırıq. Lakin AXC-nin quruluş gününün yalnız hazırda AXCP sıralarında təmsil olunanlar üçün deyil, Xalq Hərəkatı ilə əlaqəsi olmuş 100 minlərlə soydaşımız üçün də əziz olduğunu bilirik və bundan çox məmnunuq.
AXC-nin ilk sədri, Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyi hörmətlə anırıq, ona Allahdan rəhmət diləyirik. AXC-nin ilk İdarə Heyətinə və bütün qurucu üzvlərinə minnətdarlığımızı bildiririk. Milli Qəhrəmanlarımız Ramiz Qəmbər, Allahverdi Bağırov, Əliyar Əliyev başda olmaqla minlərlə AXC üzvü olan Qarabağ şəhidlərinə Allahdan rəhmət diləyirik. AXCP Ali Məclisinin sədri Həsən Kərimov başda olmaqla bütün dünyasını dəyişmiş veteranlarımıza Allahdan rəhmət diləyirik.
AXCP sədrinin müavinləri Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, Seymur Həzi başda olmaqla hazırda mübarizənin ön cəbhəsində olan siyasi məhbus dostlarımızı xüsusi olaraq təbrik edirik, onlara azadlıq tələb edirik. İndi onlar ləyaqətli mübarizələrilə, məğlubedilməzlikləri ilə cəbhəçi adını uca tuturlar.
Hazırkı ağır şərtlər altında cəbhəçi adını qürurla, cəsarətlə daşıyan minlərlə mətin partiyadaşlarımızı ürəkdən təbrik edirəm. Şərtlər nə qədər ağır olur-olsun, biz bacaracağıq. Bu ölkədə demokratiyanı bərqərar edəcəyik, şəhid qanları ilə suvarılmış Qarabağı bir gün mütləq azad edəcəyik. Xalqımız Xalq Cəbhəsini xüsusi missiya ilə yaradıb. Müstəqilliyi bərpa etsək də, missiya hələ tam başa çatmayıb. Yola davam!”
Oxunub: 750