Azərbaycan vətəndaşları hazırkı sosial-iqtisadi həyat tərzinə görə dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrindən geri qalır. Ağır həyat şərtləriylə, banklarda durmadan artan problemli kreditlərlə üz-üzə qalan insanların fəqət oxumaq arzusu hələ də ölməyib. Baxmayaraq ki, kasıb və yoxsul deyil, orta təbəqəni təmsil edən insanlar belə, övladlarının təhsillə bağlı bütün xərclərini qarşılaya bilmir. Ödənişsiz əsaslarla təhsil alan bir tələbənin tədrisə aid ləvazimatlar, yemək, geyim, nəqliyyat, bölgəni təmsil edirsə, kirayə ev və digər xərclərini ailənin orta aylıq əməkhaqqıyla qarşılaması mümkün deyil. Bu məqamda ödənişli əsaslarla təhsil alanların təhsilhaqqını da bu sıraya əlavə etmək sıravi azərbaycanlının hansı vəziyyətdə olmasının əyani təsviridir.
Ali təhsil ocaqlarındakı təhsil haqqının həddi əhalinin hazırkı iqtisadi vəziyyətinə adekvat deyil. Bu, birmənalı şəkildə belədir. Lakin universitetlər sanki əhalinin yaşam tərzini görməzlikdən gələrək təhsil haqqını ilbəil artırır. Bunun acısını isə, təhsilhaqqını vermədiyi üçün təhsildən kənarda qalan təkcə bir fərd deyil, küll hallında cəmiyyət çəkir.
“Report”un dövlət ali məktəbləri arasında keçirdiyi sorğuda təhsilhaqqının hazırkı həddi göstərilib. Bakı Dövlət Universiteti və Pedaqoji Universitetdə təhsil haqqının keçənilkiylə müqayisədə artırılmasının əhalinin büdcəsinə uyğun olmadığı real məsələdir. Yəni Bakı Dövlət Universitetində təhsilhaqqının 1600-4800 manat arasında olması heç də az rəqəm deyil. Yaxud, Pedaqoji Universitetdə 1600-1800 manat, Azərbaycan Tibb Universitetində 2000-3000 manat, Bakı Slavyan Universitetində 1400-2000 manat,Dillər Universitetində 1000-2500 manat, Texniki Universitetində 1400-1800 manat,İdarəçilik Akademiyasında 1800-2000 manat, Memarlıq və İnşaat Universitetində 1800-2300 manat, Mədəniyyət və İncəsənət Universitetində 1800-2000 manat təhsil haqqı məbləği adi bir rəqəm deyil.
Sıravi bir azərbaycanlı ailəsi üçün təkcə təhsilhaqqının 1800-2000 manat həddi bir nəfərin orta aylıq əməkhaqqısının fonunda olduqca nəhəng ğörünür. Nəticədə, yüksək təhsilhaqqı təhsil sahəsinin bitib-tükənməyən problemlərinə əlavə bir zərbədir. Sözügedən məbləğləri ali təhsil ocağının rəhbərləri universitetlərin maddi-texniki bazasının yaxşılaşdırılması və ya basqa müsbət cəhdlərlə əlaqələndirsə də, əslində, vacib olan insan faktorudur. Bu amili isə yada salan da yoxdur. Bir sözlə, acı reallıq ölkə əhalisinin zərərinə işləyir. Özü də anbaan.
azadlıq.info
Oxunub: 238