Yoxsulluq gəlmədən öncə zənginliyin qədrini bilin
Qubad İbadoğlu
Böhran başlayandan “dolana bilmirəm”, “borc xirtdəyə çıxıb”, “qazancım xərclərimi ödəmir” kimi ümidsiz ifadələri çox eşidirəm. Bunun başlıca səbəblərindən biri də israfçılıq və bədxərclikdir. Atalar yaxşı deyib ki, qənaətlə dolanan heç vaxt kasıb olmaz. Eyni zamanda onu da bilməliyik ki, qənaət digərlərinin ehtiyaclarının ödənilməsi üçün alternativ mənbədir. Odur ki, bu yazımda dövlət və fərd olaraq Azərbaycanda müşahidə olunan israfçılığa münasibətimi təqdim edirəm.
Dövlət olaraq son 15 ildə yalnız neft-qaz satışından əldə etdiyimiz gəlirlər 160 milyard dollardan çoxdu ki, onun da 130 milyardı bu illər ərzində Dövlət Neft Fondunda toplanıb, amma həmin vəsaitin artıq 95 milyarda qədəri xərclənib. Yerdə qalan 30 milyard dollardan çox vəsait isə Dövlət Neft Şirkəti və Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən dövlət büdcəsinə ödənilib. Beləliklə də bu günə qədər bütün mənbələrdən əldə edilən 160 milyard dolardan çox neft-qaz gəlirlərindən saxlanılan 36 milyard dollardır. Yerdə qalan 125 milyard dolların xeyli hissəsi isə son 10 ildə əsasən qeyri-kommersiya xarakterli, mənfəətsiz nəqliyyat və sosial-mədəni, idman təyinatlı infrastukturun formalaşmasına xərclənib, bir sözlə onun böyük hissəsi də şişirdilmiş layihələr hesabına israf olunub.
Yalnız fərdlər deyil, dövlətlər də bədxərc olanda zəngin ölkələr də yoxsullaşır. Hazırda Azərbaycan onun ağrısını çəkir. Əgər biz dövlət idarəetmə orqanları və dövlət şirkətlərinin baş ofislərinin və idarələrinin yeni binalarının tikintisinə, təmirinə çəkilən xərcləri hesablasaq, sənədlərdə təsbit olunan vəsait milyardlarla dollarla ifadə oluna bilər. Məsələn, Qəbələdə icra hakimiyyətinin binası Bakıdakı president aparatından geri qalmır, yaxud 22 mərtəbəli ofis binası olan dövlət neft fondunda hər mərtəbəyə 3 nəfər ştatlı işçi düşür. Belə misallar yüzlərlədir. Hər rayon mərkəzində müasir görüşünüşlü, inteyeri moden dizaynlı, kabinetləri isə bahalı mebellerlə bəzənən və son nəsil texniki avadanlıqlarla təhciz olunmuş ən azı 15 yeni inzibati binaya rast gəlmək mükündür. Onların hər birinin tikintisi və komplektləşdirilməsinə orta hesabla 10 milyon manat, o vaxtkı məzənnə ilə 12 milyon dollar xərcləndiyini nəzərə alanda məlum olur ki, bu məsədlər üçün 2 milyard dollara qədər vəsait məsrəf edilib. Bundan əlavə regionlarda 40-dan çox olimpiya və idman kompleksi tikilib, onların da hər birinin tikintisinə və komplektləşdirilməsinə orta hesabla 8 milyon manat və ya 10 milyon dollar hesablasaq ən azı 400 milyon dolların da belə israf olunduğunu görərik. Belə bədxərclik nümunəsi olan inzibati obyektlərlə təkcə regionlarda deyil, paytaxt Bakıda da çox rastlaşmaq mümkündür. Bu obyektlərin hər biri həm də potensial olaraq istismar və təmir xərcləri ilə dövlət büdcəni “yeyir”. Belə mənasız xərcləmələrdən sonra ildən ilə artan məsrəfləri büdcə hesabına qarşılamaq üçün əvvəlki illərdən daha çox qazanmaq və rasional olmaq lazımdır.
Fərdlərə gəlincə, onların bir qisminin iqtisadi davranışı daha çox təəccüb doğurur. Məsələn, maşın bazarında bütün dünyaya eyni vaxtda təqdim olan yeni model avtomobillərin ən tez istifadə olunduğu ölkələrdən biri də Azərbaycandır. Yaxud, brend markalı magazaların üstünlük təşkil etdiyi paytaxt şəhərlərdən biri də Bakıdır. Bu yaxınlarda mətbuata ötürülən informasiyaya görə, Bakı metrosunun keçmiş rəisi Tağı Əhmədovun mülklərinin siyahısında onun subsidiya ilə yaşayan (paralel olaraq belə şirkətləri sosial yardım alan aztəminatlı ailəyə bənzətmək olar) yeraltı şirkətdən oğurladığı vəsaitləri hesabına 8-dən çox elit mənzilinin, 6-7 bağ evinin adı sadalanırdı. Bu hal Azərbaycanda yüksək siyasi vəzifəli şəxslərin demək olar ki, hamısına xarakterikdir. Belə olan halda da məlum olur ki, dövlət büdcəsindən və şirkətlərindən oğurlanan vəsaitlərin çox hissəsi Azərbaycanda və ya xaricdə əmlak bazarına yatırılıb, bu isə iqtisadiyyatda yeni və əlavə dəyər yaratmayan sahədir. Odur ki, Azərbaycanda bədxərclik yalnız dövlət deyil, həm də fərd səviyyəsindədir
Oxunub: 1406