May ayının 29-da Gürcüstandan oğurlanan Azərbaycanlı jurnalist Əfqan Muxtarlı ilə bağlı International Partnership for Human Rights (IPHR) dəstəyi ilə Tbilisidə panel müzakirəsi baş tutub. Bu barədə məlumatı, Turan İnformasiya Agentliyi yayib.
Tədbirdə Əfqan Muxtarlının yoldaşı Leyla Mustafayeva, `Freedom Now` təşkilatının direktoru Maran Turner, `EHRAC` teşkilatının hüquq məsləhətçisi Ramute Remezaite Əfqan Muxtarlının Gürcüstandakı vəkili Arçil Çopikaşvili və moderator qismində Simon Papuashvili iştirak edib.
Leyla Mustafayevaya Azərbaycanı tərk etdikdən sonra seçim olaraq hansı əlamətlərə görə Gürcüstanda yaşadıqlarını və hal-hazırda özünü təhlükəsiz hesab edib-etməməsinə dair sual ünvanlanıb.
O bildiribdir ki, başqa ölkələrlə müqayisədə regionda Gürcüstan müstəqil fəaliyyət göstərmək üçün daha münasib ölkə kimi görünüb. Təxminən bir il yarım yaşadıqları müddətdən sonra Azərbaycan hökümətinin Gürcüstana təsir etdiyini və qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsini müşahidə etdiklərini bildirib. Yekun olaraq hər hansı bir maddə ilə “qanuni” olaraq ittiham olunacaqlarını fikirləşdiyini və Əfqan Muxtarlının oğurlanmasını gözləmədiklərini deyib.
Təhlükəsizliklə bağlı suala cavab olaraq Leyla Mustafayeva bildirib ki, səmimi desəm təxminən ilk 10 gün qapının arxasına stul qoyub və küçədə yeriyərkən daha diqqətlə etrafi müşahidə edib.
Maran Turner ve Ramute Remezaite öz növbəsində çıxışlarında dissidentlər üçün təhlükəsiz olan bir ölkədə belə bir hadisənin baş verməsinin məyus edici olduğunu və beynəlxalq medianin bu məsələdə fokuslanmasının vacib olduğunu bildiriblər.
Daha sonra vəkil Arçil Çopikaşvili məsələnin hüququ baxımından Gürcüstanın reputasiyasına ciddi zərər vurduğunu və istintaqın düzgün qaydada aparılmadığını və imitasiya ilə məşğul olunduğunu bildirib.
Tədbirdə yerli media orqanları və vətəndaş cəmiyyəti numayəndələri iştirak edib.
Oxunub: 206