Natiq Güləhmədoğlu
Məni düz başa düşün; iki gündür jurnalistlərə ev paylanması barədə çoxlu tənqidi statuslar yazdım. Bu prosesdə ev alan jurnalistlər ən son hədəflərim də sırasında deyil.
Əndişəm nədir?
***
Dövlətin ev təltifinə layiq bilinənlər arasında doğrudan da ağır iqtisadi-sosial vəziyyətdə yaşayanlar var (villası, 50-60 minlik maşını, 2-3 evi ola-ola mənzil alanlar da var, bu heç).
Biz manyak deyilik ki, bu adamların, mövqeləri necə olur-olsun kirayələrdə, müasir insan üçün müəyyən edilən yaşayış standartlarından aşağıda duran gecəqondularda, zirzəmilərdə yaşamasın istəyək, arzulayaq. Bu ən azı humanist baxımdan vətəndaşlarımıza qarşı ayıb mövqe olardı.
***
Mən və dostlarım ona hiddətlidirlər ki, niyə bizim ölkə belə vəziyyətdə olmalıdır? 40, 50 yaşına çatan əmək qabiliyyəti olan azərbaycanlı, təkcə son 15 ildə ölkəsinə 200 milyarda qədər pul girməsinə baxmayaraq ev ala bilməyib, bilmir?
Niyə cəmiyyətin avanqardı sayılmalı olan jurnalistlər kiminsə mərhəmətinə möhtac qalıb?
O arqument ki, gətirirlər, neyləsinlər, bizim ölkədə jurnalist sözünün qiyməti yoxdu, maaşları aşağıdır, gərək onlara kimsə əl tutsun. Yox, əzizlər, uşaq başı qatmayaq, bu əsas deyil.
***
Gəlin, razılaşaq, heç kim məhz jurnalist işləmək kimi bir vəzifəyə təhkim edilməyib. Heç kimi güllə altında təhdidlə saxlayıb demirlər ki, sən mütləq jurnalist işləməlisən. Yoxdur belə şey. O adamların bioqrafiyasına baxsanız mütləq əksəriyyəti heç jurnalist olmayıb. Kimisi müəllim imiş, kimisə xarrat, qarmonçalan və s. Bu adamların başqa yerdə qazanmaq imkanları olsaydı, jurnalistikada nə ölümləri vardı? İçində yönlü başlı cümlə quranları da yoxdur ki, deyək “bu yazmaq şövqü idi onları bu davadan, o davaya aparan”. Deməli, o evsiz qalan jurnalistlər təkcə medianın deyil, bütün cəmiyyətin böhranda olduğun sübut edirlər. Problemin, iki gündür qalxan etiraz, tənqid fırtınasının da cövhərində bu dayanır.
Yeri düşüb, bir dəfə yazmışam, ikinci dəfə təkrar edim. Bizdə moda minib, bir çox qələm adamı düz yolun dəyişib dönüklük etməyinə (qonorara xatir hansısa əclaf yazıya imza qoymaq, böhtançı mediya ilə əməkdaşlıq və s.) belə özünə bəraət verirlər: Neynəyim, mənim əlimdən yazmaqdan başqa bir iş gəlmir. Harda yazım bəs?
Gözlərinin içinə qədər yalan danışırlar. O adamların mütləq əksəriyyəti əsgərlikdə olanda çox səliqəli formada “aşbazlıq” da edib, qab-qaşıq da yuyub, ərazini də süpürüb, səngər də qazıblar. Yəni əllərindən gələn iş az deyil.
Digər yandan, o adamlar danışanda dillərindən Cəlil Məmmədquluzadə düşmür. Guya Mirzəni kumir bilirlər. Ancaq nədənsə özlərin deyəsən, Mirzə Cəlildən də yekə sayırlar. Axı kim də bilməsə, biz bilirik ki, Mirzə Cəlilin jurnalın öz iradəsinə zidd olaraq bağlayanda, o qoltuqaltı axtarmadı. Getdi Bərdədə pambıq suvardı. Bəli, bax belə elədi.
***
İnsanlar haqlı olaraq, jurnalistlərin bu çağa qədər evsiz qalma problemlərini unudaraq məlum ünvana mədhiyyələr yağdırmasına hiddədətlənirlər, kiminsə rahat ev şəraiti əldə etməsinə yox.
İnsanlar ölkədə bir dənə də olsun azad, müstəqil mətbuat orqanı-qəzet, jurnal qalmadığı halda 255 jurnalistə ev paylanmasını mətbuata atalıq qayğısı kimi təqdim etməni riyakarlıq kimi görür və bunu tənqid edir. Səhv edirlərmi?
Oxunub: 1248