Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə Qobustandakı qapalı həbsxanada dəhşətli işgəncələrə məruz qalıb. Bu haqda “Azadliq.info”ya ilahiyyatçının yaxınları məlumat verib.
İşgəncə nəticəsində Taleh Bağırzadənin vəziyyətinin pisləşdiyi və hazırda da durumunun ağır olduğu bildirilir.
İlahiyyatçının vəkili Yalçın İmanov bildirib ki, müvəkkili ilə görüş üçün orderin surətini və müvafiq məktubu xeyli vaxtdır ki, Penitensiar Xidmətə göndərsə də, hələ ki, cavab gəlməyib. Bu səbəbdən vəkil Taleh Bağırzadə ilə görüşə bilmir.
Nardaran işi üzrə məhkum edilmiş və hökmə əsasən, cəzasının 7 ilini Qobustan həbsxanasında çəkməli olan məhbusların – Taleh Bağırzadə, Abbas Hüseynov və Cabbar Cabbarovun yaxınları həbsxanaya gedib onlar haqqında məlumat almağa cəhd edəcəklər.
Şənbə günü olduğundan Penitensiar Xidmətdən məsələ ilə əlaqədar cavab almaq mümkün olmayıb.
Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının Nardaranda keçirdikləri və altı nəfərin ölümü ilə nəticələnmiş əməliyyat zamanı həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilib.
Taleh Bağırzadə ittihamları rədd edir. Özü də daxil, əməliyyat zamanı həbs olunanların heç birində silah olmadığını, öldürülənlərin hamısının polislərin özləri tərəfindən qətlə yetirildiyini bildirir.
azadliq.info
Oxunub: 876