Azərbaycanın tanınmış futbolçusu Rəşad Sadiqovun avtomobili əlindən alınaraq cərimə meydançasına aparılıb. Bu barədə “Azpolitika”ya R.Sadiqov özü məlumat verib. Futbolçu bildirib ki, DYP əməkdaşları tərəfindən qanunsuz olaraq avtomobili cərimə meydançasına aparılıb, üstəgəl ondan pul tələb olunub:
“Türkiyə səfirliyinin yaxınlığından keçirdim. 99-YP-445 dövlət nömrə nişanlı avtomobildə xidmət aparan yol polisi əməkdaşları mənə saxla əmri verdi və mən maşını sağa çəkərək əmrə tabe oldum. Mənə yaxınlaşan DYP əməkdaşının ilk sualı “maşında siqnal var?” oldu. “Yoxdu” cavabını aldıqdan sonra, maşını yoxlamağa başladı, yenidən mənə sual verdi ki, maşına əlavə avadanlıq quraşdırılıbmı. Mən yenidən yox cavabını verdim. Bundan sonra həmin yol polisi göstərişin “yuxarıdan” gəldiyini, onlarlıq bir şeyin olmadığını və maşını dayanacağa aparacağını bildirdi. Mən də qarşılığında onlara avtomobilin mənim əmlakım olduğunu xatırladıb, “yuxarı” deyəndə kimi nəzərdə tutduğunu soruşdum. Əgər maşın içəri getməlidirsə bunun bir açıqlaması, səbəbi olub-olmadığını, mülkümü əlimdən alıb məni piyada yola salmağın qanunsuz olduğunu, “siqnal dediniz yoxdu, əlavə avadanlıq dediniz yoxdu, bəs mənim maşınımı niyə aparırsız dayanacağa?”, deyə etiraz etdim. Həmin yol polisi əməkdaşı bir daha mənə göstərişin “yuxarıdan” olduğunu bildirdi. Avtomobilimi, öz şəxsi əmlakımı həmin yol polislərinə verib, taksi ilə evə getdim”.
R.Sadiqov bildirib ki, səhəri gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə gedib və işə 18-ci otaqda baxılacağını öyərnib:
“Daxil olduq deyilən otağa, bizi polis mayoru Qafarov Cavad qarşıladı. Yuxarıda qeyd etdiyim sualların hamısını həmin polis mayoruna ünvanladım və yenidən maşınıma niyə əl qoyulduğunu soruşdum. C.Qafarov sənədləri yoxladıqdan sonra, mənə maşının saxlanılması üçün heç bir səbəbin olmadığını bildirdi. Çünki ödənilməmiş cəriməm yox idi. Və mən yenidən sual etdim ki, səbəbini kimsə açılayacaqmı ki, mənim maşınım niyə dayanacağa aparılıb. Bundan sonra C.Qafarov inspektorlara göstəriş verdi ki, “gedin maşının “qluşitel”ini yoxlayın”. Getdik dayanacağa, maşın yoxlanıldı və səsin normadan biraz artıq olduğu bildirildi. Bunlara bildirdim ki, maşını zavod bu şəkildə istehsal edib, yenicə qeydiyyatdan keçirmişəm, əgər belə idisə niyə qeydiyyatdan keçiriblər”. Ünvanladığım bu sualların heç birinə cavab verilmədi”.
Bundan sonra R.Sadiqov yenidən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə qayıdıb. Mayor Cavad Qafarov nahara getdiyini bildirib, qayıtdıqdan sonra bu işlə məşğul olacağını deyib:
“Bir neçə saat gözlədikdən sonra yenidən otağa daxil olduq. Mayor bizi qəbul etmədi, köməkçisi isə bizə maşının cəriməsinin 500 manat olduğunu bildirdi: “Maşının səsi artıq olduğuna görə cəriməsi 500 manatdır. 500 manat verin, kağız yazım verim, gedin maşını çıxarın”. Bunun qanunsuz olduğunu, əgər həqiqətən 500 manatlıq cəriməsi varsa bunu qanuni yolla alınmasını, yəni protokol tərtib edilməsini istədim. Əgər protokol tərtib edilməsə, məhkəməyə baş vuracağımı bildirdim. Həmin serjant “gedin verin məhkəməyə” dedi. Nə protokol tərtib edən oldu, nə də bizim şikayətimizə baxan. DİN-in 102 qaynar xəttinə 2 dəfə zəng vurmuşam, heç bir xəbər yoxdu”.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi isə futbolçunun ondan rüşvət alınması barədə dediklərini təkzib edib. İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Report”a R.Sadiqov heç bir araşdırma aparmadan Yol Patrul Xidmətinin əməkdaşlarını əsassız olaraq ittiham edib:
“O, 10-SS-606 dövlət qeydiyyat nömrə nişanlı, “Mesareti” markalı avtomobil ilə hərətkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış keçirilən zaman mühərrikin işlənmiş qazlarını xaric edən sistemə normativ tələbləri pozmaqla səs gücləndirici qurğunun quraşdırlması aşkarlanıb. Həmin zaman YPX əməkdaşı tərəfindən Rəşad Sadiqova hüquq və vəzifələri izah edilib, onun avtomobili yol hərəkətindən kənarlaşdırılaraq müvəqqəti saxlama dayanacağına yerləşdirilib. Rəşad Sadiqovun iştirakı ilə YPX əməkdaşları və dəvət olunan mütəxəssislər tərəfindən mühərrikin işlənmiş qazlarını xaric edən sistemə xüsusi cihazlar vasitəsi ilə baxış keçirilib. Məlum olub ki, həmin sistemdə səs gücləndiricidən istifadə olunub və sürcüyə “KYP-647967” saylı inzibati protokol tərtib edilib. Hesab edirəm ki, tərtib edilən inzibati protokoldakı cərimənin 500 manat olması ona təsir edib və cəriməni ödəmək məsuliyyətindən yayınmaq üçün mətbuata əsassız məlumat ötürməklə DYP-nin fəaliyyətinə kölgə salmağa çalışıb”.
V.Əsədov qeyd edib ki, yol polisinin R.Sadiqovdan rüşvət alması barədə məlumat yayılandan sonra məsələni yenidən araşdırıb: “Mənə təqdim edilən sənədlərə, səs yazılarına və görüntülərə baxandan sonra belə nəticəyə gəldim ki, sadəcə cəriməsi yüksək olduğundan Rəşad Sadiqov DYP-dən qeyri-adi formada qisas almaq istəyib və ona görə də bu vasitəyə əl atıb. O, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının tələbini pozub və yalan məlumat yaymaqla qəsdən diqqəti məsələdən yayındırmağa çalışır. Hesab edirəm ki, Rəşad Sadiqov öz oyunu ilə futbol severlərin rəğbətini qazandığı kimi, yol hərəkəti iştirakıçısı kimi də nümunəvi avtomobil idarəetməsi ilə seçilməlidir”.
Oxunub: 886