2011-ci ildən ev dustaqlığında saxlanılan iranlı müxalifət lideri Mehdi Kərrubi hakimiyyətin onun iki tələbindən birini qəbul etməsindən sonra aclıq aksiyasına son qoyub.
79 yaşlı siyasətçi açıq məhkəmə prosesinin başlamasını və evindən kəşfiyyat nazirliyinin əməkdaşlarının çıxarılmasını tələb edərək çərşənbə günü aclıq aksiyasına başlayıb.
Cümə axşamı günü yüksək qan təzyiqinə görə o, xəstəxanaya yerləşdirilib.
Daha sonra Mehdi Kərrubinin oğlu, evlərindən kəşfiyyat nazirliyinin əməkdaşlarının çıxarıldığına görə atasının aclıq aksiyasına son qoyduğunu bildirib.
Mehdi Kərrubi və onun kimi digər islahatçı müxalifət lideri, 75 yaşlı Mir Hüseyn Musəvi İranın qalmaqallı 2009-cu il prezident seçkilərində iştirak ediblər. Bu seçkinin qalibi sabiq prezident Mahmud Əhmədinejad olub.
Milyonlarla müxalifət tərəfdarları seçki saxtakarlığının baş verdiyinin iddia edərək küçələrə çıxıb seçkinin təkrar keçirilməsini tələb etmişdilər.
Lakin Ayətulla Əli Xamenei nəticəni dəstəkləyərək etiraz aksiyalarının dağıdılmasına əmr verib. Nəticədə onlarla müxalifət tərəfdarı həlak olub və minlərlə insan həbs edilib.
Altı il əvvəl “ərəb baharı”ndan ilhamlanan yeni etiraz aksiyalarından sonra, Mehdi Kərrubi, Mir Hüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd ev dustaqlığına məhkum ediliblər. Onlara qarşı heç bir ittiham irəli sürülməyib.
Oxunub: 88