Yasamal rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Vəliyevin jurnalist Fəqranə Novruzovaya qarşı zorakılığı ilə bağlı məsələ məhkəmə müstəvisinə çıxıb. Bu barədə jurnalistin nümayəndəsi Samirə Ağayevə məlumat verib.
F.Novruzova Yasamal ərazisində Hacı Cavad məsçidinin sökülməsini çəkən zaman keçmiş icra başçısının fiziki zorakılığına məruz qalmışdı. Jurnalistin nümayəndəsi İ.Vəliyevin bu hərəkəri ilə bağlı Yasamal rayon prokurorluğuna iki dəfə müraciət edib. Lakin prokurorluq bu məsələ ilə bağlı cinayət işinin başlanması və ya rədd edilməsi barədə qərar qəbul etməyib. Bundan sonra S.Ağayeva rayon prokurorunun hərəkətsizliyindən Yasamal rayon məhkəməsinə şikayət edib.
Avqustun 18-də keçirilən məhkəmə iclasında prokurorluğun nümayəndəsi etibarnaməsiz, şəxsiyyətini və ya xidməti vəzifəsini təsdiq edən sənəd olmadan gəlib. Bundan başqa qapalı prosesdə iddiaçı və cavabdeh tərəfin nümayəndələrindən başqa 2 nəfər də iştirak edib. S.Ağayeva həm prokurorluq nümayəndəsinin sənədsiz olmasına, həm də aidiyyatı olmayan 2 nəfərin qapalı prosesdə iştirakına etirazını bildirib. Hakim Azər Tağıyev zaldakı kənar şəxslərin hakimliyə namizəd olduğunu bildirib və onların zalda əyləşməsinə icazə verib.
Hakim məhkəmənin F.Novruzovanın birbaşa iştirakı ilə davam etdirilməli olduğunu bildirib və iclası 21 avqust saat 11.00-a təyin edib.
Oxunub: 190