Qobustandakı qapalı həbsxanada saxlanılan məhbuslar bu qızmar yay günlərində su problemindən əziyyət çəkirlər. Həbsxanaya gün ərzində iki saatdan bir az çox su verilir. O da fasilə ilə…
Bu haqda vəkil Yalçın İmanova Qobustan həbsxanasında saxlanılan müvəkkilləri məlumat verib. Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxslər həbsxanada su və qızdırıcı problemindən şikayətləniblər.
“Əksər kameralarda məhbuslar suyu vedrə ilə daşıyırlar. Qobustan həbsxanasındakı kameralarda yarıya qədər divarla ayrılmış açıq tualetlər var. Yayın qızmarında, belə şəraitdə suyun olmaması ciddi çətinliklər yaradır”, – deyə onlar şikayətləniblər.
Məhbsuların sözlərinə görə, rəhbərlik su problemini həbsxananın suya olan borcuyla izah edirlər.
Ombudsmanın nümayəndələri gəlməmişdən öncə “kars” otaqlarını təmir ediblər
Yalçın İmanov avqustun 17-də Qobustan həbsxanasında hüquqlarını müdafiə etdiyi şəxslərdən Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə, onunla birlikdə həbs olunmuş daha bir Nardaran məhbusu Abbas Hüseynov və Azərbaycan İslam Partiyasının lideri, cəzasının qarşıdakı üç ilini qapalı həbsxana rejimində çəkmək üçün bir müddət əvvəl ora göndərilən Mövsüm Səmədovla görüşüb.
Abbas Hüseynov görüş zamanı bildirib ki, bir neçə gün əvvəl Ombudsman Aparatının nümayəndələri, Penitensiar Xidmətin Elçən adlı şöbə rəisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ayrı-ayrılıqda ona baş çəkiblər. Abbas hamısına həbsxanada ona verilən işgəncələr haqda detallı danışıb, üzərindəki işgəncə izlərini göstərib.
Abbas Hüseynovun sözlərinə görə, ona verilən işgəncələr ictimailəşdikdən və Ombudsman Aparatının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin Qobustan həbsxanasına gələcəyi bəlli olandan sonra hazırlıq işləri başlayıb. Abbas Hüseynovun sözlərinə görə, Ombudsman Aparatının nümayəndələri gəlməmişdən əvvəl, ona təzə paltar verilib, onu avqustun 9-da cərimə təcridxanasından (“kars”) çıxarıb, 2 “kars” kamerasını və karantn otağını təmir ediblər. Ombudsman Aparatının nümayəndələri getdikdən sonra isə Abbas Hüseynov yenidən təmirsiz “kars” otağına salınıb.
Avqustun 12-də Penitensiar Xidmətin şöbə müdiri ilə görüşdə Abbas Hüseynov başına gələnləri şifahi şəkildə danışmaqla yanaşı, həm də bu haqda ərizə yazıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları isə həbsxanaya avqustun 15-də baş çəkib. Onlar Abbas Hüseynovla yanaşı, Taleh Bağırzadə və Mövsüm Səmədovla da görüşüblər. Həmçinin Penitensiar Xidmətin şöbə rəisi Taleh Bağırzadə ilə də görüşüb.
“Həbsxananın yeməyi keyfiyyətsizdir”
Abbas Hüseynova verilən “kars” cəzasının müddəti avqustun 13-də bitib. O, avqustun 14-də karantinə, ardınca da korpusa köçürülüb. Korpusa köçürülməmişdən əvvəl həbsxananın rəisi Aftandil Ağayev ona “qalxacaqsan korpusa, burda problemli adamlar var” deyə nbildirib. Həbsxana rəisinin bunu söyləməklə nəyəsə işarə etdiyi də istisna olunmur.
Abbas Hüseynovu həbsxananın həkimi də vizual müşahidə edib, o, bədənindəki xəsarət izlərini həkimə də göstərib.
“Abbas Hüseynov xeyli arıqlayıb. O, həbsxanada verilən qidaların lazımi keyfiyyətdə olmadığını və bu səbədən də həmin yeməkləri yeyə bilmədiyini deyir. Abbas hazırda 8 nəfərlik kamerada saxlanılır”, – deyə vəkil bildirib.
Xatırladaq ki, Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilən Abbas Hüseynov bundan əvvəl avqustun 8-də vəkili ilə görüşərkən həbsxanada ona verilən dəhşətli işgəncələrdən – 42 dərəcə istidə açıq havada dəmir borulara bağlanıb döyülməsindən, həbsxananın rəisinin öz otağında dəyənəklə ona çoxsaylı zərbələr endirməsindən, təmirsiz, qan ləkələri və soxulcanlarla dolu “kars” otağında saxlanmasından danışmışdı.
azadliq.info
Oxunub: 170