Günay Orucova bir neçə həftə öncə bacısı və daha üç rəfiqəsi ilə birgə Pirşağının Qızılqum çimərliyində ölümdən qurtulub.
“3-4 saniyə geciksəydilər, indiyə olmazdıq”, – 23 yaşlı gənc qız danışır.
“Ayağımızın yerə dəyən və suyun çiyinlərimizdən aşağı olan hissəsində üzürdük. Birdən dostlarımın ikisi 3-4 addım uzaqlaşdı və boğulmağa başladı. Biz inanmadıq, çünki dayaz idi. Qızlar danışa bilmirdilər. Birimiz onlara köməyə getdi, o da batmağa başladı, sonra mən əl atdım və gördüm ki, ayağım yerə dəymir, nəsə sovurub içəri aparırdı, burulğan var idi…”
Boğulduqlarını izah etmək üçün əl hərəkətlərindən sonra onları yaxınlıqdakı gənc oğlanlar xilas edib.
Günay Orucovanın sözlərinə görə, bu hadisədən təxminən yarım saat sonra həmin yerdə batan başqa bir gənci də çimərliyə dincəlməyə gedənlər xilas edib.
“Xilasedici görmədik. Həmin yerdə heç bir nişanə də yox idi. Oğlan daha dəhşətli batmışdı. Xilasedicilər hadisədən çox sonra gəldilər”, deyən Orucova hazırda dənizə getməyə risk etmir.
Azərbaycanda hər gün onlarla şəxsin suda boğulmaqdan xilas edildiyi və ya boğularaq ölməsi barədə məlumatlar yayılır.
FHN-nin məlumatına görə, iyunun 15-də çimərlik mövsümü başladıqdan bəri nəzarətdə olan bütün su ərazilərində 198 nəfər xilas ediib.
BBC Azərbaycanca müxbirinə danışan çimərlik istifadəçiləri belə hallara görə xilasediciləri, xilasedicilər isə vətəndaşların təhlükəsizliyini təmin etməli olan məsul qurumu – Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətini ittiham edib.
Müxbirimizin şahid olduğu söhbətdə xilasedicilər Günay Orucovaya bildirib ki, onların sayı lazım olduğundan az olduğu üçün xilasetmə işlərini çatdırmırlar.
“Baxın, eyni zamanda o biri tərəfdə də batan var idi”, xilasedicilərdən biri qeyd edib.
İstirahət edənlər xəbərdarlıq işarələrinin olmaması barədə narazılıq bildirdikdə isə xilasedicilər onlara yetərincə avadanlıq verilməməsindən şikayətləniblər.
Onlar həmçinin qeyd ediblər ki, aldıqları 150 manat maaş da onları qane etmir və iş motivasiyalarını azaldır.
FHN-nin sözçüsü Oqtay Bayramov BBC Azərbaycancaya müsahibəsində xilasedicilərin bütün iddialarını təkzib edib.
“Respublika üzrə 41 məntəqəmizdə xilasedicilərin sayında azalma yoxdur, ötən ilkindən çoxdur, artım olub” deyən cənab Bayramov əlavə edib ki, çimərlik mövsümünə hazırlıq mövsümdən 2-3 ay əvvəldən başlanıb və bu mərhələdə əlavə xilasedicilərin cəlbi üçün müsabiqə elan da edilib.
Xəbərdarlıq nişanlarına gəldikdə isə, cənab Bayramov lazımı yerlərdə işarələrin yerləşdirildiyini qeyd edib.
FHN rəsmisi xilasedicilərin maaşlarının 150 deyil, 350 manat olduğunu da əlavə edib.
Oxunub: 200