Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində Özbəkistanın ilk prezidenti İslam Kərimova abidə qoyulub. Rəsmi açıqlamaya görə o, keçən ilin sentyabr ayında vəfat edib. Daşkənddəki abidə ölümündən sonra onun adını daşıyan Kərimov xeyriyyə fondunun və elm- təhsil memorial kompleksinin yerləşdiyi Oksaroy iqamətgahının qarşısında ucaldılıb.
Abidənin layihəsi beynəlxalq müsabiqənin nəticələrinə əsasən seçilib. Onun müəllifi Özbəkistan Rəssamlıq Akademiyasının akademiki, əməkdar incəsənət xadimi, Abdulla Kadırov adına Dövlət mükafatı laureatı İlhom Cabbarovdur.
O, həmçinin Daşkənddə at üzərində, Səmərqənddə taxt üzərində və Şəhrizabsda ucaldılan Əmir Teymur heykəlinin müəlliflərindən biridir.
Kərimovun Səmərqənddəki abidəsi isə Registan meydanının yaxınlığında yerləşdirilib. Onun yanında fəvvarələr və kvadrat şəklində çəmənlik yerləşən bir muzey tikilir.
Keçmiş prezidentin başqa bir abidəsi də Kaşkadərya vilayətinin mərkəzi olan Karşidə qoyulub. 1986-1989-cu illərdə Kərimov bu vilayətə rəhbərlik edib.
Xatırlatmaq yerinə düşər ki, İslam Kərimovun qızı Gülnarə Kərimova hazırda ağır cinayətlərdə ittiham edilir və həbsxanadadır.
Oxunub: 290