Hakimiyyәt Turan agentliyinә hücumla ölkәdә azad medianı tamamilә sıradan çıxarmaq istәyir
Milli Şura AXCP sədrinin müavini, Milli Şura Koordinasiya Mərkəzinin üzvü Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlının həbs müddətlərinin artırılmasını, “Turan” informasiya agentliyinə qarşı cinayət işinin başlanmasını, eləcə də gənc siyasi məhbus İlkin Rüstəmzadənin ölümlə təhdid edilməsini pisləyən bəyanat verib. Bəyanatda deyilir:
Gözəl Bayramlı, Əfqan Muxtarlı və bütün başqa siyasi məhbuslar azad edilsin
Avqustun 17-də Nəsimi rayon məhkəməsi AXCP sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini Baş Prokurorluğun təqdimatı ilə daha 2 ay uzadıb. Məhkəmə müdafiə tərəfin dəlillərinə məhəl qoymadan, prokurorluq nümayədəsinin əsaslandırılmamış iddiasına söykənərək absurd və ədalətsiz qərar verib.
Bu qərar Azərbaycan hüquq sisteminin və hüquq-mühafizə orqanlarının, o cümlədən məhkəmələrin iflas etməsinin növbəti görsənişidir. Hüquq-mühafizə orqanları və məhkəmələr siyasi hakimiyyətin əlavəsinə çevrilərək sifarişlə günahsız insanları şərləyir, saxta ittihamlarla uzunmüddətli həbslərə məruz qoyur.
G.Bayramlı və Ə.Muxtarlı barəsində sonuncu məhkəmə qərarı da bu qəbildən olmaqla, həm də cəmiyyətə açıq hörmətsizlikdir. Onların həbsindən ötən 3 ay müddətində camiyyətə çılpaqlığı ilə aydın oldu ki, həm G.Bayramlıya, həm də Ə.Muxtarlıya qarşı ittihamlar tamamilə saxtadır və hər iki şəxs avtoritar rejimin məqsədyönlü cinayətinin növbəti qurbanıdır. Bu müddət ərzində nə G.Bayramlıya, nə də Ə.Muxtarlıya qarşı cinayət işləri üzrə ciddi istintaq hərəkətləri aparılıb. Əvəzində hər iki cinayət işinin qurama olduğu bir az da aşkar ortaya çıxıb və ittihamlar tamamilə alt-üst olub. Belə olduğu halda prokurorluq və məhkəmə irəli sürülən ittihamların təsdiqini tapmadığını etiraf edərək, G.Bayramlı və Ə.Muxtarlı barəsində cinayət işlərinə xitam vermək, onları sərbəst buraxmaq əvəzinə, olmayan cinayətlərin aparılmayan istintaqı üçün onları daha 2 ay həbsdə saxlamağa qərar verir.
Bu, əslində siyasi hakimiyyətin öz opponentlərinə və tənqidçilərinə qarşı davam edən kin və qəddar münasibətinin təzahürüdür. Hakimiyyət başqa siyasi motivli işlərdə olduğu kimi, bu dəfə də öz əleyhdarlarını “istintaq dövrü” adı ilə mümkün qədər uzun müddətə həbsdə saxlamaq yolu tutdu. Bu qərar bir daha təsdiq edir ki, G.Bayramlının və Ə.Muxtarlının həbsi də siyasi sifarişdir və ən yüksək səviyyədə – birbaşa ölkə başçısı İlham Əliyevin göstərişi ilə həyata keçirilib. Məqsəd müxalifətə və vətəndaş cəmiyyətinə növbəti dəfə zərbə vurmaq, ölkədə qorxu mühitini gücləndirməkdir.
Milli Şura bəyan edir ki, belə qəddar rəftara baxmayaraq, ölkədə demokratiya və azadlıqlar naminə mübarizəni dayandırmaq, cəmiyyəti tamamilə susdurmaq hakimiyyətə nəsib olmayacaq. Azərbaycanda gec-tez xalqın iradəsi üstün gələcək, avtoritar idarəçiliyə son qoyulacaq və o zaman həm də indiki siyasi motivli həbslərə görə cavab vermək lazım gələcək. Milli Şura hakimiyyəti gec də olsa səhvini düzəltməyə, G.Bayramlı və Ə.Muxtarlı barəsində həbs qərarını ləğv edib onları sərbəst buraxmağa, eləcə də bütün siyasi məhbusları azad etməyə çağırır.
“Turan” agentliyinə qarşı qurama cinayət işi ləğv edilsin
Əliyevlər rejimi özünün avtoritar mövqeyini gücləndirmək naminə siyasi müxalifətə qarşı repressiya ilə yanaşı azad medianı sonadək sıradan çıxarmaq siyasətini də davam etdirir. Bu istiqamətdə daha bir hədəf Azərbaycanın ilk müstəqil KİV-lərindən olan “Turan” informasiya agentliyidir. Agentliyə qarşı vergidən yayınma ittihamı ilə cinayət işi qaldırılıb və ittihamdan verilən şikayətin məhkəmə yolu ilə araşdırılması üçün prosedur müddətin bitməsini də gözləmədən, agentliyin redaksiyasında axtarış aparılıb, onun müvafiq sənədləri götürülüb. Ortalıqda agentliyə qarşı açıq-aşkar qəsd var və bunun arxasında siyasi motivlərin dayandığını gözlətmək mümkün deyil.
Hakimiyyət ölkədə azad mediaya qarşı illərdir apardığı qəddar mübarizəni “Turan” agentliyinə hücumla davam etdirir. Təəssüf ki, hakimiyyət indiyə qədər ölkədə bir dənə də azad telekanalın olmamasına, axırıncı azad yazılı mətbuat olan “Azadlıq” qəzetinin bağlanmasına nail olub. Azərbaycan ATƏT məkanında həbs edilmiş jurnalistlərin və bloqçuların sayına görə ilk yerdədir. Ölkədə hətta azad medai orqanlarının saytlarına giriş də rəsmi şəkildə bloklanıb. Belə bir şəraitdə “Turan” agentliyi azad media adına qalan yeganə təsisatdır və indi də o hədəf alınıb. “Turan” agentliyinə qarşı saxta cinayət işi göstərir ki, hakimiyyət ölkədə heç bir azad KİV nümunəsinin qalmasını istəmir və məqsədi bu agentliyin də fəaliyyətini dayandırmaqdır.
Milli Şura hakimiyyətə xəbərdarlıq edir ki, yürüdülən bu yanlış siyasətin heç bir perspektivi yoxdur, müasir dünyanın tələb və şərtlərinə ziddir, cəmiyyəti cəhalətə və qarşıdurmaya sürükləyir. Hakimiyyət indiki dövrdə azad medianı sıradan çıxarmaqla özünü ifşa olunmaqdan sığortalamaq, törətdiyi qanunsuzluqlar, oğurluq və korrupsiya əməlləri barədə xalqın xəbər tutmasına imkan verməmək istəyirsə, yanılır. İnternet əsrində qapalı rejimlərin çirkin əməllərini ört-basdır edə bilməsi günbəgün çətinləşir. Cəmiyyətin onu idarə edənlər barədə həqiqətləri öyrənmək imkanları hər gün bir az da artır. Müasir texnologiyalar bunun üçün ən müxtəlif yollar təmin edir və belədə klassik KİV-i azad fəaliyyət göstərməsin deyə, ya satın almaq, ya da sıradan çıxarmaq taktikası baltanı öz ayağına vurmaqdan başqa bir şey deyil. Rejim anlamalıdır ki, azad mediaya qarşı indiki münasibəti ilə yalnız xalqla arasındakı uçurumu dərinləşdirir və özünün beynəlxalq aləmdə, dünyanın qabaqcıl hissəsindən təcridini gücləndirir.
Milli Şura hakimiyyəti “Turan” agentliyinə qarşı cinayət işini dayandırmağa və onun normal fəaliyyətinə imkan yaratmağa çağırır.
İlkin Rüstәmzadәnin ölümlә hәdәlәnmәsi ağır cinayәt hadisәsidir
Milli Şura gənc siyasi məhbus İlkin Rüstəmzadənin 13 saylı cəzaçəkmə müəssisəndə ölümlə hədələnməsindən hiddətləndiyini bildirir. 13 saylı cəzaçəkmə müəssisəsinə yeni təyin olunmuş rəis müavini Elçin Əlicanovun İlkin Rüstəmzadəni ölümlə təhdid etməsi ağır cinayət hadisəsidir. Ölkədə aparılan ümumi cəzasızlıq və müxalifətə qarşı qisasçılıq siyasətinin nəticəsidir ki, ədliyyə sistemində bir-birinin ardınca dəhşətli hadisələr baş verir. Məhz əvvəllər məhbuslara, o cümlədən siyasi məhbuslara qarşı işgəncə tətbiq etmiş şəxslərin məsuliyyətdən yayındırılması Elçin Əlicanov kimiləri oxşar cinayətlər törətməyə cürətləndirib.
Milli Şura İlkin Rüstəmzadəni ölümlə təhdid etmiş Elçin Əlicanov, “Nardaran işi” üzrə siyasi məhbus Abbas Hüseynə işgəncə verilməsinə şəxsən rəhbərlik etmiş Qobustan həbsxanasının rəisi Aftandil Ağayev başda olmaqla, məhbuslara qarşı cinayət törətmiş vəzifəli şəxslərin dərhal məsuliyyətə cəlb edilməsini tələb edir. Milli Şura bəyan edir ki, ölkənin daxili işlər və ədliyyə orqanlarında geniş yayılmış işgəncə halları qətiyyən təsadüfi deyil, İlham Əliyevin ölkədə apardığı qisasçılıq siyasətinin birbaşa nəticəsidir və bütün bu hallara görə İlham Əliyev şəxsən məsuliyyət daşıyır.
Oxunub: 808