İqtisadçı Rövşən Ağayev hökumətin elan etdiyi orta aylıq əmək haqqı məbləğinin əsassız olması ilə bağlı fikirlərini fb səhifəsində paylaşıb. Rövşən Ağayevin statusunu təqdim edirik:
“Rəsmi rəqəmlərdən aydın olur ki, 2016-cı ildə (noyabr ayı üzrə müayinələrin nəticəsinə əsasən) iqtisadiyyat üzrə əmək haqqı alanların 57.1%-nin maaşı 300 manatdan aşağı olub.
Rəsmi elan olunan maaşlara əsasən “median əmək haqqı” göstəricisini müəyən etsək, bu səviyyə 250 manatdan çox deyil. “Median əmək haqqı” göstəricisi bütün maaş alanların 1-ci 50%-lik hissəsi ilə 2-ci 50%-lik hissəsinin aldığı əmək haqqı məbləğinin kəsişdiyi nöqtəyə ən yaxın olan məbləğdir.
Halbuki rəsmi statistikaya görə, orta aylıq əmək haqqı 500 manat ətrafındadır – yəni 2 göstərici arasında fərq 2 dəfəyə yaxındır. İnkişaf etmiş ölkələrdə “median əmək haqqı” ilə “orta əmək haqqı” göstəricisi arasında fərq 25-30%-dən çox deyil. Bu fərq o ölkələrdə çox olur ki, yüksək və aşağı əmək haqqılar arasında kəskin fərq olur.
Rəsmi statistikaya görə, 2016-cı ildə əmək haqqı cədvəlinə qol çəkərək maaş alan muzdlu işçilərin sayı 1.514 mln. nəfər olub ki, onlardan cəmi 15%-nin (227 min nəfər) aylıq məvacibi 500 manatdan yüksək olub”.
Oxunub: 770