İsmayıllının gözəl bölgələrindən olan Zərnava kəndində yerləşən asma körpüdəki bu dialoq ürkəkcəsinə dayandığım körpüdə sanki mənə sillə oldu.
Yerli turistlərin əyləncələrinin əsasını asma körpülərdə hərəkət təşkil edir. Həqiqətən də, 2 nəfərdən artıq adamın eyni anda bu körpüdə dayanması qadağan idi.
Qadağan olunan şeylər bəşəriyyətə həmişə cazibədar gəlib. Mən də özüm kimi 10 nəfərlə bu qadağaya məhəl qoymadan o körpünün üstündə dayanmışdım.
18 yaşlarında şəvə kimi uzun saçlı qız isə inadla körpünün sonuna getməyə hazırlaşırdı. Bu qızcığaz bilmirdi ki, bəlkə də, o körpünün sonuna çatmamış, onun sonu gələ bilər.
Gənc xanımın anası isə körpüyə nəzarət üçün oraya göndərilən yerli bələdiyyə işçisinə izah etməyə çalışırdı ki, onun bu məsuliyyətsizliyi faciəyə səbəb ola bilər: “Ay qardaş, 50 qəpiyə görə ömürlük ah alma, körpüdəkilər qayıtmayınca, başqasına keçməyə icazə vermə”.
Ananın çarəsizliyinə laqeyd qala bilməyən 55-60 yaşındakı xanımlar “nəzarətçiyə” səslərini yüksəldəndə isə kişi soyuqqanlılıqla: “Hələ ki bu körpüdən düşüb, ölən olmayıb. İmkan verin işimizi görək”, – dedi.
Qızmar gün işığının az qala irqini dəyişdirdiyi kişi isə onun bu yalvarışlarına məhəl qoymadan, daha yenicə körpüyə yola saldığı 4 nəfərin ödənişini ehmalca əlindəki əskinasların arasına yerləşdirirdi…
Toplum.TV
Oxunub: 448